Tehran və Bakı arasındakı dialoq Tehran və İrəvan arasındakı dialoqdan qat-qat qüvvətlidir-Kazım Kazımov- ÖZƏL
20 May 2024 19:00 Siyasət"Dünən Zəngilanda Azərbaycan və İranın birlikdə təməlatma törəni, cənab Prezidentin mərhum cənab Rəisi ilə verdiyi mesajlar, iki ölkə arasındakı əlaqələrin inkişafına dair verdikləri pozitiv açıqlamalar bunu göstərdi ki, bu gün Bakı və Tehran arasında çox yaxşı münasibətlər vardır".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Əlbəttə ki, Bakı və Tehran arasındakı bu xoş münasibətlər iki ölkənin və bölgənin inkişafına çox böyük təsir göstərəcəkdir. Dünən çox üzücü bir hadisə baş verdi. İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və digər İran rəsmiləri bir qəzaya uğradılar və həyatlarını itirdilər. Bütün həyatını itirənlərə, o cümlədən, İbrahim Rəisiyə Allah rəhmət etsin, İran xalqının başı sağ olsun. Lakin bunu qeyd etmək lazımdır ki, İbrahim Rəisinin və digər rəsmilərin vəfat etməsi Azərbaycan və İran arasındakı əlaqələrdə heç bir dəyişikliyə səbəb olmayacaqdır. Çünki bu gün Bakı və Tehran bölgənin reallıqlarını çox yaxşı görürlər. Çox yaxşı bilirik ki, bu gün Qərb tərəfdən, xüsusən Ermənistandakı Sorosçu iqtidar tərəfindən Azərbaycan və İran arasında gərginliyə maraqlı olan qüvvələr çoxdur. Bu gün İranı Cənubi Qafqazda Ermənistanın müttəfiqinə çevirmək istəyənlər də çoxdur. İran bu son addımları ilə çox yaxşı göstərdi ki, Cənubi Qafqazda ən güclü tərəfdaş da, ən yaxşı müttəfiq də elə Azərbaycandır. Çünki biz həm bölgənin lider ölkəsiyik, həm də İranla qonşuluq və çox qədim tarixi əlaqələrimiz var. Buna görə də Tehran və Bakı arasındakı dialoq Tehran və İrəvan arasındakı dialoqdan qat-qat qüvvətlidir. Bundan sonra inanıram ki, bu əlaqələr çox yaxşı müstəvidə bölgəsəl inkişaf üçün təsirli olacaqdır".