Azərbaycan-İran münasibətləri hazırda normal məcrada inkişaf edir- ÖZƏL
20 May 2024 18:52 Siyasət"Azərbaycan-İran münasibətləri hazırda normal məcrada inkişaf edir. Yəni qarşılıqlı olaraq hər iki dövlətin siyasi, iqtisadi, hərbi əməkdaşlıq sahəsində, ticarət, nəqliyyat, kommunikasiya, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığını görürük".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Ümumiyyətlə, Azərbaycan digər ölkələrlə, xüsusən qonşuları ilə dinc, qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində keçən münasibətlər qurur. O cümlədən bu məsələ İrana, Rusiyaya da aiddir. İranla da bizim münasibətlərimiz çox normal, hətta deyərdim ki, yüksək səviyyəlidir. Düşünürəm ki, bu, doğru yoldur. Belə də olmalıdır. Yəni qonşu qonşuyla bu şəkildə münasibətlər saxlamalıdır və inkişaf etdirməlidir. Azərbaycan heç zaman öz ərazisindən İrana qarşı hansısa formada kimlərinsə istifadə etməsinə imkan verməyib, verməyəcək də. Düzdür, müəyyən təxribatçı qruplar var ki, İran-Azərbaycan münasibətlərini qısqanırlar, bu münasibətləri gərginləşdirməyə çalışırlar. Təbii ki, onlar çox kiçik bir qismi təşkil edirlər. İranda həm də Azərbaycanla münasibətlərin normal olmasında maraqlı olan, normal olması üçün çalışan qüvvələr də var. Normal, sivil münasibətlər qurmağı bacaran tərəflərin çalışmaları sayəsində iki dövlət arasında münasibətlər çox uğurla, əsl qonşuluq münasibətləri şəklində davam və inkişaf edir. İran Azərbaycanın "3+3" regional əməkdaşlıq formatını da fəal müdafiə edir, iştirak edir. Bu da faydalıdır. Hesab edirəm ki, bölgənin problemlərini üç Cənubi Qafqaz ölkəsi və onun qonşuları ilə bir yerdə həll etmək olar və lazımdır. Bi çərçivədə də əməkdaşlıq var. Ümumən və bütövlükdə əməkdaşlıqları, münasibətləri yüksək qiymətləndirirəm".