Azərbaycan İranla münasibətləri inkişaf etdirmək istiqamətində öz siyasətini davam etdirəcək-Tural İsmayılov- ÖZƏL
20 May 2024 18:43 Siyasət"Əlbəttə ki, İranda baş verən hadisə dərin bir faciədir. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı İran tərəfinə öz dərin təəssüfünü bildirən ilk xarici ölkə rəhbəri oldu. Azərbaycan və İran arasındakı münasibətlər son dövrlər müsbət tendensiyada inkişaf edir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, nəzərə almaq lazımdır ki, ikitərəfli münasibətlərdə aylar öncə baş verən o böhran da artıq aradan qalxıb. Həm Azərbaycan, həm İran tərəfdən münasibətlərin inkişaf etdirilməsi ilə bağlı yaxşı açıqlamalar verilir. Eyni zamanda, ikitərəfli münasibətlərdə prezidentlərin görüşü, cənab Prezidentin, İran Prezidentinin verdiyi mesajlar iki ölkə münasibətlərində yeni müsbət bir məcranı ortaya çıxarırdı. Azərbaycanın reallaşdıracağı Ağbənd yolu da mühüm regional logistik mərkəzlərdən biri halına gələcək. Ordan Türkiyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdakı aylarda dəmir yolu xətti də Ağbənd tərəfdən çəkiləcək ki, bu da bölgələrin, eyni zamanda, regionun iqtisadiyyatına mühüm töhfə verəcək. Həmçinin Azərbaycan səfirliyinin də yaxın aylarda açılması ilə bağlı razılıq əldə edilib. Bu məsələdə də Azərbaycanla İran arasındakı anlaşılmazlıqlar ortadan qalxıbdır və hesab edirəm ki, qarşıdakı dövrdə də Azərbaycan İranla münasibətləri inkişaf etdirmək istiqamətində öz siyasətini səylə davam etdirəcək".