Azərbaycan və İran əməkdaşlığı daha da inkişaf edəcək- ŞƏRH

 Hər iki dövlət regionda təhlükəsizliyin təmin olunmasında maraqlıdır

Regionda sülh və təhlükəsizliyin təmin olunması məsələsində İran və Azərbaycan dövlətlərinin rolu danılmazdır. Xüsusən, iki dövlət arasındakı münasibətlərin yüksək səviyyədə olması bu fəaliyyətə əlavə şans verir. Əslində İran və Azərbaycan arasında dostluq və qonşuluq münasibətlərinin kökləri qədim zamanlara söykənir. Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi mövcud münasibətlərin daha da inkişaf edəcəyinə zəmin yaradır. Dövlət başçılarının açılış  mərasimidə verdiyi mesajlardan da bəlli oldu ki, hər iki ölkənin maraqları bir çox məsələlərdə üst-üstə düşür. Əsasın beynəlxalq və regional təhlükəsizlik məsələlərində elə də ciddi fikir ayrılığı müşahidə olunmur və bunun gələcəkdə daha inkişaf edəcəyi hədəflər sırasındadır. Prezident İlham Əliyevin "Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir" fikri dediklərimizi bir daha təsdiqləyir: "Bu gün biz hörmətli Prezident Rəisi ilə bir çox məsələləri geniş müzakirə etdik və bir daha əmin olduq ki, bizim fikrimiz üst-üstə düşür, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı. Bu, çox önəmli bir amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik".
 
Dövlət başçılarının açıqlamalarından o da məlum olur ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da ümidvericidir. Bu həm də bölgədəki problemlərin kənar müdaxiləsiz həllinə dəlalət edir: " Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz  Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır".
Qeyd edək ki, Azərbaycan bölgədə sülh və əminamanlığın bərqərar olması niyyətindədir və bu istiqamətdə çoxsaylı əməli addımlar atıb. İran İslam Respublikasının rəsmiləri də mütəmadi olaraq siyasi, iqtisadi, humanitar əlaqələrin inkişafına maraqlı olduğunu bəyan ediblər. Qalır, dövlətlərin ortaya siyasi iradə nümayiş etdirmələri ki, İran prezidenti mərhum İbrahim Rəisi açılış mərasimində ölkəsinin mövqeyini açıq şəkildə çatdırdı: "Bizim ikitərəfli görüşlərimizdə hər zaman iqtisadi-ticari və siyasi-mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışıq. Xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində də iki ölkə arasında əlaqələr artırılmalıdır. Bizim siyasi iradəmiz də bu yöndədir ki, əlaqələr daha da çoxalsın. Şükürlər olsun ki, iki ölkə arasında əlaqələrdə çox böyük potensial mövcuddur".
 
İran prezidentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasındakı əməkdaşlığın ən yüksək səviyyədə olduğunu deməyə əsas verir: "Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər. Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamətdə işlər çox intensiv şəkildə davam etdirilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl - 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəmli bir dəhlizdir".
Bu arada İran prezidntinin müştərək düşmənlərə ünvanladığı mesaj daha diqqət cəlb edir: "Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir". Təkcə bu açıqlama deməyə əsas verir ki, Azərbaycanla İran arasında əməkdaşlıqla bağlı heç bir ciddi problem yoxdur. Əksinə adıçəkilən dövlətlər regiona tuşlanmış qərəzli hədəfləri aradan qaldırmaqda birgə fəaliyyəti üstün tutur. Bu isə iki dövlət arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Alim
 
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31