İranla həyata keçirilməsi planlaşdırılan işlər davam etdiriləcək- ÖZƏL
20 May 2024 18:33 Siyasət"İran və Azərbaycan münasibətləri inkişaf edir. Son zamanlar, xüsusilə də mərhum İbrahim Rəisinin Azərbaycana səfərindən sonra, yəni Xudafərin körpüsündə dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdən sonra bu əlaqələrin daha da inkişafı barəsində fikir mübadiləsi getdi. Yəni fikir mübadiləsi aparılan geniş tərkibli bir görüş oldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Həmin görüş zamanı gələcəyə doğru çox pozitiv mesajlar verildi, hər iki dövlətin fikir ayrılığının olmadığı vurğulandı. Bu görüş çox mühüm əhəmiyyət daşıyırdı. Xudafərin körpüsünün hər iki dövlət üçün əhəmiyyəti böyükdür və İran prezidenti də məhz Xudafərin körpüsündə görüş keçirmək üçün Azərbaycana səfər etmişdi. Təbii ki, bu görüşdən qayıdarkən qəzanın baş verməsi, İran prezidenti İbrahim Rəisinin, həmçinin Xarici İşlər naziri Əmir Hüseynin və digər rəsmilərin faciəvi şəkildə həlak olması üzücü bir haldır. Azərbaycan dövləti də dərhal buna reaksiya verdi. İlk olaraq dövlət başçısının narahatlığı ifadə olundu. Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirdi və başsağlığı verən ilk dövlət başçısı da cənab Prezident İlham Əliyev oldu. Azərbaycan İranla hər zaman mehriban dostluq, qonşuluq münasibətlərinin olmasının tərəfdarıdır və hər zaman buna çalışıb. Son zamanlarda da məhz Azərbaycan dövlətinin əsas istiqaməti bu yöndə idi və İranla ortaq layihələrin həyata keçirilməsi planlaşdırılırdı. Mühüm işlər görülür. Təbii ki, bu işlər yenə də davam etdiriləcək".