İlham Əliyev ata vəsiyyətini və Şuşa arzusunu yerinə yetirdi- ÖZƏL
20 May 2024 11:11 Siyasət"4 il əvvəl kimsə desə idi ki, Şuşaya qayıdacağıq çoxlarımız, bəlkə də heç kim buna inanmazdı. Şuşa bizim yalnız arzumuz idi. Şuşaya qayıtmağımız, arzularımızın belə tez reallaşacağı isə qeyri-mümkün görünürdü və hətta bunu heç kəs təsəvvür belə edə bilməzdi. Lakin hər bir Azərbaycanlının Prezidenti olan, verdiyi bütün vədləri tamlıqla yerinə yetirən, nəyi necə və nə zaman etməyi yaxşı bilən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və onun müəllifi olduğu unikal siyasət mümkünsüzü mümkünə çevirdi, arzularımızı reallaşdırdı, yuxularımızı çin etdi. Artıq Şuşa həsrətimiz arxada qaldı və Şuşalılar öz doğma dədə-baba yurdlarına qayıtmağa başlayıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Sədaqət Vəliyeva deyib: "Şuşaya qayıdışımızın tarixi də xeyli əlamətdar və xüsusi oldu. Belə ki, Şuşaya ilk köç Azərbaycan Xalqının Ümumilli Lideri, müasir Azərbaycanın qurucusu, Xalqımızın xilaskarı Heydər Əliyevin 101-ci doğum günündə baş tutdu.
"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur", "Biz mütləq Şuşaya və Qarabağa qayıdacağıq, tarixi torpaqlarımız işğaldan azad olunacaq" - deyən Heydər Əliyev Dühasının Şuşa arzusu məhz Ulu Öndərimizin 101-ci doğum günündə reallaşdı. Ümumilli Liderimizin ruhu həm də ona görə şaddır ki, özündən sonra qoyub getdiyi, etimad göstərdiyi siyasi varisi cənab Prezidentimiz İlham Əliyev, dahi Heydər Əliyevin ona bəslənən bütün etimadını ən yüksək səviyyədə doğrultdu. Ata Vəsiyyətini və Şuşa arzusunu yerinə yetirdi".