Azərbaycan artıq Fransa ilə eyni gücə malikdir- ÖZƏL
17 May 2024 21:47 Siyasət"Fransanın Yeni Kaledoniyada problemləri var. Xalq burda Fransanın seçki məsələləri ilə bağlı islahatlarına etiraz edir. Fransa da xalq etirazlarını basdırmaq üçün artıq ora qoşun yerləşdirib. Yəni bir qarşıdurma, hətta ölənlər, həbs olunanlar var".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bu bölgə, ada hardasa 20 min kvadrat km ərazisi, yarım milyondan az əhalisi olan bir ərazidir və Fransanın müstəmləkəsidir. Bu xalq müstəqil yaşamaq istəyir, Fransa da onu təmin etmir. Çünki bu ada zəngin təbii ehtiyatlara malikdir. Orda qızıl, sink və digər metalların istehsalı var. Fransa bunu istismar edir, ona görə də bu bölgəni əldən vermək istəmir. Xalqın da etirazı, ayaqlanması, narazılığı təbii haldır. Xalq müstəqil olmaq istəyir. Fransa da bu etirazları boğmağa, nəyin bahasına olursa olsun qarşısını almağa çalışır. Son 10 ildə ora gedən fransızlara da seçki hüququ vermək istəyir. Beləliklə də yenə neokolonializm siyasətini həyata keçirir. Gerçək müstəmləkəçi dövlət, imperiya kimi çıxış edir.
Azərbaycan tərəfini bu məsələlərdə ittiham etməsinə gəldikdə, bu, çox acınacaqlı haldır. Fransa nə günə qalıb ki, indi şikayətlənir ki, Azərbaycan mənim imperiyamı zəiflədir, yaxud da müstəmləkə altında saxladığım hansısa ərazidəki xalqı mənə qarşı qaldırır. Fransanın özünün Cənubi Qafqazda apardığı ermənipərəst, Azərbaycan əleyhinə olan siyasət bizə əsas verir ki, biz də Fransaya adekvat reaksiya verək. Əgər Fransa bu gün Azərbaycanın maraqlarına zidd siyasət aparır, hər fürsətdə Ermənistanı dəstəkləyir, Avropa İttifaqında hər fürsətdə Azərbaycan əleyhinə siyasi proseslər başladırsa, Azərbaycanı qınaması acınacaqlıdır. Azərbaycan höküməti Fransadan üzr tələb edir. Məncə, bu, çox doğrudur. Deməli, Azərbaycan artıq Fransa ilə eyni gücə sahibdir. Müstəmləkə altında olan xalqların milli azadlıq hərəkatına dəstək verən xalq kimi Fransanı narahat ediriksə, deməli Azərbaycan artıq beynəlxalq hüququn oyunçularından birinə çevirilib. Fransa əməllərindən xəcalət çəkməlidir. Bu işğalçılığa son qoymalıdır. Burda kimisə qınamaq yox, özünü qınamalıdır".