Bu, Fransanın müəyyən edə biləcəyi məsələ deyil- ÖZƏL
17 May 2024 20:50 Siyasət"Fransanın rəsmi şəxslərinin məsuliyyətsiz və qeyri-ciddi açıqlamalarına son dövrlər tez-tez rast gəlməkdəyik. Fransa özünü dünyada ağa dövlət kimi aparmaq istəyir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Fransa zənn edir ki, Ermənistanla davrandığı kimi Azərbaycanla da davrana bilər. Ermənistanla diktə edir. Fransa Ermənistanla bağlı məsələlərdə həmin ölkəyə diktə siyasəti yürüdür, yəni "nə desək, onu etməlisiniz". Bunu Azərbaycanla reallaşdıra bilməz. Diktaturada ittiham etmək, guya demokratiya müdafiəçisi olduğunu elan etmək Fransanın müəyyən edə biləcəyi məsələ deyil. Yaxşı olar ki, Fransa kimlərisə ittiham etməkdənsə, Azərbaycana qarşı bu cür fikirlər səsləndirməkdənsə, öz yeni müstəmləkəçilik siyasətindən əl çəksin. Yeni müstəmləkəçilik siyasətinin verdiyi ziyanlara görə həmin xalqlardan üzr istəsin, təzminat ödəsin. Ümumiyyətlə tarixi işğal, qəddarlıqlarla dolu olan, bu gün də tarixindən gələn qəddar müstəmləkə siyasətini davam etdirən ölkə kimisə diktatura və ya başqa bir məsələdə ittiham edə bilməz. Onun öz daxilindəki sosial, etnik, dini problemlər, baş verən aksiyalardan bəhs etmək lazımdır. Kimisə ittiham edib, dərs keçməyə çalışmaqdansa, öz məsələlərini həll etsə, daha yaxşıdır".