Ölkədə mətbuatın fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur
17 May 2024 12:05 Siyasətİstiqamət: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
Azərbaycanda mətbuat, söz və fikir azadlığı təmin olunub. Azərbaycan mətbuatı yarandığı dövrdən indiyə qədər şərəfli yol qət etdiyindən bu gün də millət və dövlət maraqlarını yüksəkdə tutur. Belə ki, milli mətbuat sosial, iqtisadi, siyasi proseslərə şəxsi maraqlardan deyil, ümummilli mənafedən yanaşır. Hazırda Azərbaycanda mətbuat, söz və fikir azadlığı təmin olunub, ölkədə mətbuatın fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur. Paralel olaraq milli mətbuat fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Medianın bu sahədə olan fəaliyyəti ötən hər gün daha da genişlənir və peşəkarlaşır. Bu və ya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsiplərinə jurnalistlərimiz daha çox əməl etməyə çalışırlar. Həmçinin, ölkədə azad medianın fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Bunun üçün kifayət qədər mükəmməl qanunvericilik bazası təmin edilib, dövlət tərəfindən medianın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Lakin ölkədə söz və fikir azadlığının təmin olunması məqsədilə atılan bütün addımlara baxmayaraq bəzən bundan sui-istifadə etməyə çalışanlar da olur. Belə ki, xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən ələ alınan, gizli mənbələrdən maliyyələşdirilən mətbuat orqanları tirajladıqları qərəzli məlumatlarla ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Bir müddət öncə qeyri-qanuni fəaliyyət nəticəsində xarici donorlardan xeyli miqdarda maliyyə vəsaiti əldə etmiş "Abzas Media" nümayəndələrinin həbsi bəzi mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, sözügedən "media təmsilçiləri" ABŞ-dən yönləndirilən "qrant şəbəkəs"nin diqtəsi ilə fəaliyyət göstərərək, heç bir peşə etikasını gözləmədən ölkəmiz barədə lüzumsuz dezinformasiya yaymaqla məşğuldur. Belə ki, "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən, ardınca"Abzas Media" internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı da Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanıldı. Onların ofisində aparılan axtarış zamanı mənbəyi bəlli olmayan 40 min avro məbləğində vəsait aşkar edilib. Məsələ orasındadır ki, hələ hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi açıqlama verməmişdən əvvəl"qrant" şəbəkəsinin üzvləri "Abzas Media"nın guya "müstəqil KİV qurumu" olduğu, direktor Ü.Həsənlinin də məhz "həqiqəti yazdığına görə həbs edildiyi" barədə bəyənat yayırlar. Bəyənat "Sərhədsiz Reportyorlar" Təşkilatı (Paris) və "Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi" (Nyu-York, ABŞ) tərəfindən operativ şəkildə yayılaraq hadisə "müstəqil mediaya qarşı təzyiq" kimi qələmə verilir. Belə məlum olur ki, şəbəkə üzvləri ciddi şəkildə təlimatlandırılıblar və əllərini altında baş verə biləcək hər hansı hadisəyə qərəzli don geyindirəcək mətnlər var. Məntiq isə olduqca sadədir-şəbəkələr, hətta haqsız olsalar belə, bir-birilərini müdafiə etməyə məhkumdurlar. Azərbaycanın əleyhinə olan bütün informasiyaları operativ şəkildə işləyib beynəlxalq aləmin diqqətinə çatdırmalıdırlar. Əgər neqativ fakt olmasa belə, nəsə uydurmalı, dezinformasiya xarakterli mətn ağalarına göndərilməlidir. Sirr deyil ki, bu mexanizmi işlək halda saxlamaq üçün "lokal şəbəkələr"ə külli miqdarda vəsaitlər ayrılır. İnanılmaz görünsə də, faktdır ki, ayrılan vəsaitlərin həcmi milyonlarla dollar ölçülür. Radikal feministlər, "Abzas Media", "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", "Sərhədsiz Reportyorlar"ın yerli ofisi və buna bənzər digər lokal qruplar xüsusi şəbəkə şəkildə bəslənilib inkişaf etdirilirlər. Vəsaitlər isə ən müxtəlif vasitələrlə, xüsusən Gürcüstan bankları və ya fərdi qaydada icraçıya çatdırlır. Məlumata görə, belə layihələrin maliyyələşdirilməsində Avropa İttifaqı, Avropa Şurası, ABŞ-nin müxtəlif təşkilatları fəallıq nümayiş etdirilər. Əvvəllər "Soros Fondu", NED və bu kimi donor təşkilatların istifadə etdikləri maxinasiyalar, bu gün dolayı formada ABŞ səfirliyi, USAID ofisi, AŞ və Aİ-nin Bakı ofisləri tərəfindən təkrarlanır. Məsələ ondadır ki, "Soros Fondu" və NED qismində donorlardan fərqli olaraq, bu qurumlar tərəfindən ayrılan qrantların ölkəyə girişini məhdudlaşdırmaq mümkün deyil. Çünki özəl donor fondlardan fərqli olaraq, səfirlikləri, USAID, AŞ və Aİ-nin ölkələrdəki fəaliyyətləri dövlətlərarası anlaşmalarla tənzimlənir. Fakt isə ondan ibarətdir ki, Avropa dövlətləri, eləcə ABŞ indi də inkişaf etməkdə olan ölkələrdə öz məqsədlərini həyata keçirmək üçün cəsus şəbəkələri bəsləyirlər.
Fikrimizin təsdiqi olaraq qeyd edək ki, "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. Nəticədə "Toplum TV"nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb. Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi başlanıb. Sadalanan faktlar deməyə əsas verir ki, hələ də ölkədə xarici maliyyə qurumlarının çətiri altında fəaliyyət göstərən media subyektləri fəaliyyətdədirlər. Məqam gözləyirlər ki, Azərbaycanı nüfuzdan salmaq üçün xarici havadarlarının sifarişlərini icra etsinlər. Məlum olduğu kimi bu şəbəkələr, hətta haqsız olsalar belə, bir-birilərini müdafiə etməyə məhkumdurlar. Azərbaycanın əleyhinə olan bütün informasiyaları operativ şəkildə işləyib beynəlxalq aləmin diqqətinə çatdırmalıdırlar. Fikrimizi Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında jurnalistin Azərbaycan prezidentinə ünvanladığı sual bir daha təsdiq etmiş olur. Jurnalist iddia edir ki, guya İmran Əliyev adlı jurnalist bir neçə kəskin tənqidi yanaşmasına görə həbs edilib və hüquqları pozulur. Etiraf edilməlidir ki, dövlət başçımıza ünvanlanan qərəzli, heç bir istinad mənbəyi olmayan sual ölkəmizə qarşı hücuma keçən beynəlxalq şəbəkənin tərkib hissəsidir.
Prezident İlham Əliyevin cavabı isə nəinki sualı ünvanlayan jurnalistə, eləcə də Azərbaycana qarşı formalaşmış şəbəkəyə mesaj idi: "Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də". Bəli, sözün əsil mənasında Azərbaycanda insanlar peşəsinə, milli mənsubiyyətinə, dini əqidəsinə, siyasi baxışına görə deyil, törətdikləri konkret cinayət əməlinə görə qanun qarşısında cavab verirlər. Bir daha xatırladaq ki, bütün dünyada olduğu kimi Azərbaycanda da söz və fikir azadlığının inkişafını mətbuatsız, jurnalistlərsiz təsəvvür etmək mümkün deyil. Böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı tarixi ənənəsinə sadiq qalaraq bu gün də öz töhfəsini verir, qətiyyətlə deyə bilərik ki, gələcəkdə də bu sahədə daha böyük uğurlara imza atılacaq.
Alim Hüsynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.