Dünyada anti-müstəmləkə hərəkatının sonuncu mərhələsi Azərbaycanın atdığı addımlar sayəsində getdikcə fəallaşır - ÖZƏL
16 May 2024 16:54 Siyasət"Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı bu bəyanat əhəmiyyətlidir, təsirlidir, reallığa söykənir və daha pozitiv perspektivin əldə olunması üçün düzgün və zamanında atılmış bir addımdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Çox fərqləndirici haldır ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupu dünyada hələ də rast gəlinməkdə olan müstəmləkəçiliyin son izlərinin kəsilməsi yönümündə belə fəallıq nümayiş etdirir və bu xüsusda, əsasən Fransaya məxsus olan bir neçə müstəmləkə ərazisində istibdad və istismar rejiminin məhv edilməsi və bu xalqların öz siyasi müstəqilliklərinə qovuşdurulması yönümündə öz təsirini göstərməkdədir.
Fransanın müstəmləkələri olan Yeni Kaledoniyada, Yeni Polineziyada, Fransız Dviyanasında, Qvadilupada, Martinikada, Korsikada və digər yerlərdə insanlar ayağa qalxıb öz haqlarını tələb edirlər. Çox qürurverici bir təzahür ondan ibarətdir ki, Fransanın müstəmləkələrində Parisin istismarçı siyasətinə qarşı azadlıq mübarizələri, istiqlaliyyət hərəkatları məhz Azərbaycanın başlatdığı prosesin içində özünü göstərir. Yəni, bəşər tarixində müstəmləkəçilik sistemi əsasən ötən əsrin 60-cı illərilə bağlıdır. Ancaq bu günə qədər hələ müstəmləkəçiliyin yaşamasını deməyə əsas verir ki, dünyada müstəmləkəçiliyin kökünün tam şəkildə kəsilməsi yönümündə anti-müstəmləkə hərəkatının yeni mərhələsi mütləq başlamalıdır və olmalıdır. Sevindirici haldır ki, dünyada anti-müstəmləkə hərəkatının yeni və fikrimcə, sonuncu mərhələsi məhz Azərbaycanın atdığı addımlar sayəsində getdikcə fəallaşır. Bunu biz Yeni Kaledoniyanın timsalında görürük. Fransanın yeni konstitusiya qəbul etmək, həm də irticaçı konstitusiya qəbul etmək səylərinə qarşı Kaledoniyanın kanak xalqı dözmür və özünün iradəsini ortaya qoyur. Kanak xalqı nə qədər əziyyət çəksə də, fransız hakimiyyətinin, Fransa dövlətinin törətdiyi cinayətlər öz cəzasına çatacaq, Kaledoniya xalqı da özünün azadlıq haqqına qovuşacaq. Çünki Fransa Yeni Kaledoniyada açıq-aşkar cinayətkar siyasət həyata keçirir. Bir tərəfdən Kaledonniyanın əsas xalqı olan kanakların siyasi müstəqillik arzusunu gözlərində qoyub və onlara layiq olduqları, haqq etdikləri müstəqillik vermək istəmir, o biri tərəfdən isə əhalinin demoqrafik tərkibini süni yollarla artırmaqla kanak xalqının seçkilərdə həlledici iradə göstərmək imkanlarını əlindən alır.
Bəllidir ki, Fransanın yeni konstitusiya layihəsi seçicilərin sayını başqa xalqların, gəlmələrin hesabına artırmaqla Kaledoniyada kanak xalqının seçkilərdə əsas üstünlük ortaya qoymaq imkanlarını məhdudlaşdırır. Kanak xalqının etirazı bunun üstündə qurulub ki, Fransanın yeni konstitusiyası əslində süni və cinayətkar yollarla kanak xalqının dinc referendumda öz müstəqillik iradəsini ortaya qoya bilməsinə maneçilik törədir. Buna görə də, kanak xalqı susmur və bu gün ayaqdadır.
Kaledoniyada kütləvi aksiya aparılır, insanlar öldürülür. Kaledoniya xalqının müstəqillik mübarizəsinin qarşısını almaq üçün misli görünməmiş cinayətlər həyata keçirilir ki, buna da Fransanın keçmiş müstəmləkələri kollektiv şəkildə özlərinin əks reaksiyalarını göstərirlər və Fransanın müstəmləkələrinin azadlıq uğrunda mübarizə aparan siyasi qüvvələrin, təxminən 14 siyasi qüvvənin yaydığı bəyanata bu prinsiplə yanaşmaq lazımdır ki, Fransanın müstəmləkələri artıq Parisin müstəmləkə siyasətinə qarşı getdikcə daha sıx birləşməkdədir. Bu birləşmədə Azərbaycanın payı var. Bəşər tarixində müstəmləkəçiliyin kökünün tam şəkildə kəsilməsinə doğru gedən bu prosesdə Azərbaycanın payının olması bizim üçün sevindiricidir əslində. Fransa hakimiyyəti, Fransa dövləti indiyə qədər həm müstəmləkəçilik siyasəti aparmaqla, həm də Ermənistan kimi təcavüzkar dövlətlərə dəstək verməklə bəşəri inkişafda dağıdıcı rol oynadığını bir daha ortaya qoyur. Təbii ki, Fransanın bu cinayətkar siyasətinin layiqli cavabı olmalıdır və olacaq da".