Bu hadisə rəsmi Bakının böyük siyasi, diplomatik uğurudur-Elçin Xalidbəyli- ÖZƏL

"Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması Azərbaycan dövlətinin, rəsmi Bakının böyük siyasi, diplomatik uğurudur. Bu, inkarolunmaz reallıqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ən önəmlisi ondan ibarətdir ki, uzun müddət müxtəlif şəxslər, adətən belə bir iddialar ortaya atırdılar ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən heç vaxt çıxarılmayacaq və rəsmi Bakı rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edəndə də Rusiya və Azərbaycan arasında münasibətlər korlanmağa başlayacaq. Ziddiyyətlər ortaya çıxmağa başlayacaq. Amma bütün bu təbliğat, bu yanaşma tərzi faktiki olaraq iflasa uğradı. Bu iddiaların hamısı boşa çıxdı. Məlum oldu ki, heç bir reallıqla bağlılığı mövcud deyil. Çünki Azərbaycan və Rusiya siyasi rəhbərlikləri çox qısa zamanda yüksək səviyyədə anlaşma əldə etdilər. Üstəlik, bu anlaşmalar səhnə arxasında baş verdi. Heç bir münasibətlərə xələl gətirmədən, heç bir ziddiyyət yaratmadan qarşılıqlı anlaşma şəraitində rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasını razılaşdırdılar və artıq bu rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması yekunlaşmaq üzrədir. Bu da onu göstərir ki, Azərbaycan və Rusiya siyasi rəhbərlikləri arasında olduqca yüksək səviyyədə anlaşma mühiti mövcuddur. Yüksək səviyyədə yaxşı münasibətlər mövcuddur və bu münasibətlər yaxın gələcəkdə də inkişaf edə bilər. Ümumiyyətlə, rus sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf mərhələsində olduğunu göstərir və yaxın gələcəkdə də bu inkişafın real nəticələrini daha qabarıq şəkildə müşahidə etməyə başlayacayıq. Ona görə də hesab etmək olar ki, rus sülhməramlı qüvvələrinin Azərbaycandan vaxtından əvvəl çıxarılması Azərbaycan-Rusiya münasibətlərinə müsbət istiqamətdə təsir göstərən ən önəmli faktorlardan biridir. Bu da Azərbaycan və Rusiya arasında gələcəkdə hər hansı narazılığın, ziddiyyətlərin olmasının qarşısını alacaq bir addımdır.  Bu o deməkdir ki, iki ölkə, yəni Azərbaycan və Rusiya gələcəkdə daha perspektivli layihələr üzərində rahat işləmək üçün önəmli strateji addımlar atmaq üçün bütün problemləri aradan qaldırmış vəziyyətdədirlər. Və bundan sonrası yalnız iki ölkənin geopolitik, iqtisadi, ticari, kommunikasiya və s. sahələr üzrə maraqları ətrafında cərəyan edəcək və bu maraqlar çərçivəsində də münasibətlərin müsbət istiqamətdə inkişafı qaçınılmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31