Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır- ÖZƏL
15 May 2024 11:16 Siyasət"Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır. Qalib ölkəmizin Qalib Lideri cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkəmiz öndə gedən dövlətlərdən biri kimi dünyanın siyasət aləmində böyük nüfuz qazandı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı sürətlə dirçəltməyə başladı. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız Azərbaycan dövlətinin gücü sayəsində dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrildi. Yollar çəkildi, körpülər salındı, hava limanları tikilib istifadəyə verildi, müasir yaşayış məskənləri salındı. Yurdlarına dönən keçmiş məcburi köçkünlərimizin isti od-ocaqlarına qovuşmaları, o torpaqlarda doğulan körpələrin şən qəhqəhələri bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarıçı verdi.
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə, 32 ildən sonra öz doğma yurd yerlərinə dönən şuşalılarla görüşündə Prezidentimiz cənab İlham Əliyev qeyd etdi ki, mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq".