Hamı iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyini anlamalıdır-Elman Cəfərli- ÖZƏL

"Günümüzdə qlobal ekoloji böhranın fəsadları artıq gözlə görünən bur hala gəlib. Fəsillər yerini dəyişib, quru iqlimə malik regionlarda sel və daşqınlar artıb. Zəlzələ, sunami, sürüşmələr çoxalıb. Son 30 ildə Azərbaycanda ekoloji problemlər çox təəssüf ki, artıb. Meşə fondu azalıb, çoxillik ağaclar kəsilib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qeyd edib:

"Azərbaycanın şərqində yaranmış ekoloji böhran artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinin nəticəsidir. Şərqi Zəngəzur və Qarabağ torpaqları  30 ildən çox Ermənistanın işğalı altında qaldı. Qiymətli meşə zolaqları məhv edildi. Çaylarımıza dağ mədən sənayesinin ağır metallarla zəngin tullantıları atıldı. Torpaqlarımız minalarla çirkləndirilib. Bundan sonra torpaqlarımızın minalardan təmizlənməsi haradasa 25 il çəkə bilər. Bütün bunlar düşmən əməlidir. Lakin təbiətimizə özümüz də zərbə vurmuşuq. 30 ildən çoxdur iri şəhərlərdə, xüsusən Abşeron yarımadasında olan iri meqapolislərdə ağac soyqırımı davam edir. Sənayeləşmə və şəhərlərşmə ümumən yaxşı prosesdir və millətləşməni gücləndirən faktorlardır. Lakin bunun mənfi tərəfləri də var. Bu da ondan ibarətdir ki, şəhərlərdə yaşayış məntəqələrinin, şəhər və qəsəbələrin yaranması, sənaye, iaşə obyektlərinin tikintisi ağaclıqların kəsilməsi hesabına baş verir. Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələrinin nəticələrinin yumşaldılması üzrə çərçivə konvensiyasına tərəfdaş dövlətlərin 29-cu konfransı keçiriləcək. Azərbaycan bu nüfuzlu toplantıya ciddi şəkildə hazırlaşır. Ölkə prezidenti ötən ilin dekabrında sərəncam imzalayaraq 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Əslində dövlət başçısı məmurundan tutmuş təmizlikçiyə qədər bütün ölkə vətəndaşlarını səfərbər edən bir sənəd imza atıb. Bu, sərəncamdan çox çağırışdır. Hamı iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyini anlamalı və bunun nəticələrinin aradan qaldırılmasına öz təhfəsini verməlidir. Sual yarana bilər ki, planetar ekoloji böhranın nəticələri ilə məşğul olmaq  böyük dövlətlərin, qlobal şirkətlərin işidir, adi vətəndaş nə edə bilər? Əslində doğrudur. Böyük dövlətlər, qlobal şirkətlər mühüm qərarlar qəbul edə, karbonsuz nəqliyyata keçidi sürətləndirə bilərlər. Çünki hazırkı dünyamızda istixana effekti yaradan əsas amillərdən biri, bəlkə də birincisi iri şəhərlərdə daxiliyanma mühərrikləri ilə çalışan nəqliyyat vasitələridir. Nəhayət yaşıl nəqliyyata keçid istiqamətində ciddi addımalr atılmalıdır. İri şəhərlərdə əhalinin cəmləşməsi dayandırılmalıdır. Xüsusən ölkəmizdə şəhər əhalisinin regionlar üzrə paylanması yaxşı olardı. Azərbaycanda əhalinin kütləvi şəkildə qərbdən şərqə köçünə ehtiyac var. Bu prosesə stimul verilməlidir. Ağackəsənlərə qarşı ciddi cəza tədbirlərinin görülməsinə ehtiyac var. Konkret olaraq cəzalar sərtləşdirilməlidir. Söhbət təlcə işbazdan getmir. Ağacın kəsilməsinə qərar verən, şərait yaradan məmurlar da ciddi şəkildə cəzalandırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31