Azərbaycan tərəfi olaraq təzyiqləri artırmalıyıq- ÖZƏL

"Azərbaycan Ermənistanda olan prosesləri yaxından izləməlidir, artıq bir müddətdir ki, orada radikal millətçilər və dindarlar aktivləşib, xüsusən delimitasiya prosesi və Qazaxın kəndləri ilə bağlı razılaşma əldə olunandan sonra bu proses sürətlənib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Düşünmürəm ki, bu qüvvələr Paşinyan hökumətini devirmək gücündə olsun, lakin bu aksiyaların davamlı hal alması prosesi nəzarətdən çıxara bilər. Azərbaycan qarşı tərəfdə siyasi sabitliyin olmasında və razılaşmaların sona qədər getməsində maraqlı olan tərəfdir. Paşinyanla bu proses davamlı gedir, təbii ki, burada Azərbaycanın siyasi iradəsi öz rolunu oynayır, Paşinyan hökuməti yaxşı anlayır ki, əgər Azərbaycanın tələblərini yerinə yetirməsə bölgədə vəziyyət yenidən gərginləşə bilər, ən azından biz görürük ki, Paşinyan xalqı sülhə gətirməyə çalışır, bununla bağlı açıqlamalar verir, bilir ki, bu məsələlərdə Azərbaycanın mövqeyini ertələmək heç də onun xeyrinə olmayacaq. Lakin digər tərəfdən erməni hiyləgərliyini də unutmamalıyıq, Paşinyan daxildəki etirazların uzanmasını əsas gətirib bir müddət öhdəliklərdən yayına bilər. Lakin nə qədər ki, Ermənistan hərbi və diplomatik baxımdan bizim qarşımızda zəifdir.  Azərbaycan tərəfi olaraq təzyiqləri artırmalıyıq və indiki hökumətlə danışıqların davamlı olmasına nail olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31