Şuşa möhtəşəm şəhər, möhtəşəm Azərbaycan mədəniyyət abidəsidir- ÖZƏL
13 May 2024 20:39 Siyasət"Azərbaycan prezidentinin Şuşada "Xarıbülbül" festivalının açılışındakı nitqi Azərbaycanın bir daha Ermənistana və bölgəyə sülh gətirmək istəyinin, Ermənistanla sülh danışıqlarını davam etdirmək istəyinin göstəricisi idi və Şuşanın əhəmiyyətini göstərdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Prezidentin çıxışında bu məsələ xüsusi vurğulandı. Çünki Şuşa elə o vaxt 1992-ci ildə işğal olunanda da müharibənin taleyi demək olar ki, həll olundu. Biz uduzduq və ağır duruma düşdük. İndi İkinci Qarabağ müharibəsində Şuşa azad olunanda müharibənin demək olar ki, taleyi həll olundu. Düşmən məhv oldu, kapitulyasiya aktını imzalamağa razılaşdı. Ona görə Şuşa çox əhəmiyyətlidir və bu baxımdan Prezidentin çıxışı bu məsələlərə diqqət cəlb edirdi və həqiqətən çox doğru qeyd elədi ki, Şuşa həm mədəniyyət beşiyi, həm də qəhrəmanlıq simvoludur. Şuşa bu iki məsələni özündə birləşdirən möhtəşəm şəhər, möhtəşəm Azərbaycan mədəniyyət abidəsidir. Mən sizə deyim ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı oldu. İndi İslam dünyası ilə bağlı bu məsələ var və bu, həm də Azərbaycan bayrağının rənglərində əks olunan prinsiplərin reallıqda təcəssümüdür. Yəni Türk-İslam prinsiplərinin reallıqda təcəssümüdür və Cənab Prezident elan edib ki, bizim ailəmiz türk dünyasıdır, biz İslam dünyasının tərkib hissəsiyik. Təsadüfi də deyil ki, Qarabağa, işğaldan azad olunmuş ərazilərə ilk ayaq basan beynəlxalq təşkilat rəhbəri məhz İSESKO-nun rəhbəridir, İslam Təhsil Elm Mədəniyyət Təşkilatının rəhbəridir. Bütün bunlar hamısı o çıxışlarda, bu festivalda özünü göstərdi və möhtəşəm bir harmoniya təşkil etdi. Prezidentin də çıxışı bu harmoniyanı, bu möhtəşəm mədəniyyət abidəsini, Bu Türk-İslam ruhunu bəyan eləmək oldu".