Şuşa 28 il əsarətdə olsa da heç vaxt qürurunu sındırmadı- ÖZƏL

"Şuşa 28 il əsarətdə olsa da heç vaxt qürurunu sındırmadı, əyilmədi, bu günü gözlədi. Tam əmin idi ki, bu torpaqlara qayıdacağıq. Biz hazırlaşdıq, ölkəmizi, iqtisadiyyatımızı gücləndirdik, güclü ordu potensialı yaratdıq. Ən önəmlisi Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsil  yetişdirildi". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib:

"Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə  44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışılır və  xalqımıza hörmət edilir. Çünki Azərbaycan  öz haqqını danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi, şəhərlərimizi, kəndlərimizi azad etdi, qan tökdü, şəhidlər verdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31