Prezidentimizin müdrik, uzaqgörən siyasəti, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edildi- ÖZƏL
13 May 2024 15:08 Siyasət"2024-cü ilin 10 may tarixi Prezidentin də qeyd etdiyi kimi Şuşanın yeni tarixinin başlanğıcı hesab edilə bilər. Bildiyimiz kimi otuz iki ildən sonra artıq Şuşada yeni həyat başlayır. Artıq işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış konsepsiyasına uyğun olaraq keçmiş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin edilir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Vətən müharibəsindən ötən qısa zaman kəsiyində Azərbaycan dövləti öz gücü və imkanları ilə heç bir kənar dəstək olmadan 30 ilə yaxın Ermənistan tərəfindən işğal dövründə viran qoyulan, daşı-daş üstündə qalmayan ərazilərimizi, yaşayış məntəqələrini bərpa edir. Məhz Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Şuşa şəhərinin əzəli sakinlərinin bir qrupunun ata-baba ocaqlarına dönüşü təmin edilib. Bu sözsüz ki, müasir tariximizdə olduqca əlamətdar və çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Hər kəsə məlumdur ki, işğal olunmuş torpaqlarımızı azad görmək, sakinlərin yurdlarına geri qayıdışını təmin etmək Heydər Əliyevin ən böyük amalı, arzusu idi və əsas hədəf bu arzunu reallaşdırmaq üzrə qurulmuşdu. Ümummilli liderin başlanğıcını qoyduğu və vəsiyyəti olan bu hədəfin reallaşdırılması Prezident İlham Əliyevin sonlandırması ilə nəticələndi.
Şübhəsiz ki, bütün bunlara asanlıqla nail olunmayıb. Prossesi tormozlamaq istəyən, öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün gərgin münasibətləri fürsət olaraq görən ayrı-ayrı dövlətlərin bu təşəbbüslərin gerçəkləşməsinə mane olmaq üçün cəhdlər göstərdiyi heç kim sirr deyil. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz hədəflərinə çatmaqda qətiyyətlidir və mayın 10-da Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar da bunun bariz sübutudur.
Məlumdur ki, Azərbaycan Vətən savaşında qələbəni təmin etdikdən və daha sonra 2023-cü ildə suverenliyi və ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra sülh istiqamətində davamlı şəkildə addımlar atıb. Və bütün danışıqlar prossesi zamanı hər zaman öz mövqeyini diqtə edən ölkə olub. Nəticə isə göz qabağındadır. Artıq sərhədlərimizin delimitasiya demorkasiyası prossesi gedir, işğal altında olan 4 kəndimizin geri qaytarılması ilə bağlı qərarlar qəbul olunub və ən əsası artıq Ermənistanla münasibətlərdə üçüncü tərəflərin vasitəçiliyinə son qoyulub və danışıqlar ikitərəfli əsaslarda aparılır.
Bütün bunlar Cənubi Qafqazdakı əsas proseslərin müəllifi və istiqamətvericisinin Azərbaycan olduğunu bir daha sübut edir. Azərbaycan ikinci Qarabağ savaşından sonra regionda yaratdığı yeni reallıqlar bu gün hər kəs tərəfindən qəbul olunur.
Prezident Şuşa sakinləri ilə görüşündə ABŞ və Fransanın davranışlarından tutmuş, sərhədlərin hansı yolla müəyyən edilməsindən, revanşizmə hazırlıq istəyində olanların son aqibətinin necə olacağınadək çox məsələlərə toxunuldu. Təbii ki, ilk olaraq, bu qələbəni bizə bəxş edən igid, qəhrəman oğullarımızı yad etmək xüsusi önəm kəsb edir. Prezidentin də dediyi kimi "Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər". Həqiqətən də əgər vətənpərvər ruhda böyüyən oğullarımız olmasa idi bu qələbəni qazanmaq mümkünsüz olardı. Ona görə də, bu qələbənin təməlində məhz onların igidliyi, şücaəti durur. Prezidentin də vurğuladığı kimi, bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarət bütün dünyada danışılır. Əlbəttə ki, bu da xalq olaraq hər birimizin qürur, fəxr, sevincimizdir.
Cənab Prezidentin toxunduğu önəmli məsələlərdən biri də ATƏT-in 30 ilə yaxın fəaliyyəti ilə bağlı oldu. Prezident bu məsələyə çox dəqiq və konkret fikir bildirərək qeyd etdi ki, 30 il ərzində ATƏT Minsk Qrupu həmsədr ölkələri danışıqların baş tutmamasına, işğal olunmuş torpaqlarımızın Ermənistanda qalmasına çalışıblar. Onların davamlı olaraq bizə təlqin etmək istədikləri bundan ibarət olub ki, siz müharibə edə bilməzsiniz və işğalla barışmalısınız. Amma bütün bunlara baxmayaraq Azərbaycan prosseslərə təmkinlə yanaşdı və nəticədə cənab Prezidentimizin müdrik, uzaqgörən siyasəti, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Cənab Prezidentin də söylədiyi kimi, Ermənistan sülh istəmirdi. Ermənistan və onun havadarlarının məqsədi torpaqların onlarda qalmasına nail olmaq idi. Prezident çıxışında vaxtilə Minsk qrupunun həmsədri olmuş Amerika və Fransanın hərəkətlərinə də qiymət verdi, eyni zamanda xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, bu gün də Fransa və Amerika bizə qarşı əsas rol oynayan dövlətlər qismində çıxış edirlər.
Prezidentin "Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik..." bəyanatı qalib Azərbaycanın bütün prosesləri diqqətlə izlədiyini, istənilən təhdidə qarşı daha sərt adekvat addım atacağını bəyan etmək baxımından olduqca əhəmiyyətli oldu"