Şuşada görülən işlər mədəniyyət paytaxtımızın dirçəlməsinə səbəb olacaq- ÖZƏL

"İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir tələblər əsasında qurulur, cənnət məkana çevrilir. Tarixi və dini abidələrimiz bərpa edilir".  "Olaylar" xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib: "Bərpa-quruculuq işlərinə infrastruktur layihələrinin icrası ilə başlanıldı. Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Hazırda isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı   yol çəkilir. Dövlət başçısı İlham Əliyev  bu yolun gələn ilin sonuna qədər  hazır olacağını bildirdi. 

Ölkə Prezident səfər çərçivəsində  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Cənab İlham Əliyevin Füzuliyə, Şuşaya, Laçına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi  sosial obyektlərə diqqət yetirmək kifayətdir. Bir səfər ümumilikdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını nümayiş etdirir. Soydaşlarımızın  mərhələ-mərhələ qayıdışı davamlılığı ilə diqqətdədir. 

Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı  həyata keçirilir. İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31