Dövlət başçısı Şuşadan mesaj verdi: “Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”- ÖZƏL
13 May 2024 11:54 Siyasət"Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Dövlətimzin başçısı Şuşadakı çıxışında artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun 30 illik işğal dövründə vasitəçilik misiyasını necə yerinə yetirməsinə diqqəti yönəltdi. Vurğuladı ki, onların fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə bildirib: "Postmünaqişə dövründə də buna oxşar vəziyyət yaşanır. Belə ki, Fransa və ABŞ Azərbaycana qarşı əsas rol oynayırlar. Cənab İlham Əliyev bu çağırışı etdi və qarşıya mühüm vəzifələr qoydu: "Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm".
Deputat əlavə edib ki, dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında onu da qeyd etdi ki, bu gün Şuşanın yeni tarixi başlayır: "2020-ci il noyabrın 8-də xalqa müraciətində cənab İlham Əliyev bildirdi ki, Şuşanı dirçəldəcəyik. Bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq, Şuşanın ənənəvi üslubunda inşa edilir. 32 ildən sonra şuşalılar burada rahat yaşayacaq, yaradacaq, quracaq, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar".