Ulu öndər Azərbaycanda dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoydu- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı dövrdə ölkəmizdə bir çox sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də ciddi gərginlik müşahidə olunurdu. O siyasi hakimiyyətə gəldikdən sonra din sahəsində gərginliyin azaldılması, dini durumun sabitliyinin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. O bütün bu işləri böyük zərgər dəqiqliyi ilə gördü".  "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Məhz Ulu Öndər Heydər Əlyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. Bu müdrik və uzaqgörən yanaşma özünü 1996 və 1997-ci illərdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa həmin dövrdə edilən mühüm dəyişikliklərdə də açıq göstərdi. Beləliklə, Azərbaycanda dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə, dini icmalara qayğısı daha da artdı. 
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündlərdən davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verərək dövlətin milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verəcəyini bildirdi: "Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31