Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi- ÖZƏL
10 May 2024 09:43 Siyasət"XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi. O həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görmüşdür. İllər keçsə də Azərbaycan xalqı onun bu böyük xidmətlərini heç zaman unutmayacaq". "Olaylar" xəbə verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Bildirib ki, Ümmumilli Lideri Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq: "Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də.
Sovet hökumətinin süqutundan, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə din sahəsində yeni bir mərhələ başladı. Sovet dönəmində ayrı-ayrı dinlərin ölkəmizdə sərbəst yayılması, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı. Uzun illər bağlı qalan ibadət ocaqları fəaliyyətini bərpa etdi, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu. Bir sözlə dini icmaların sərbəst fəaliyyəti üçün dövlət hər cür şərait yaratdı.
Bu dövrdə dini etiqad azadlığı üçün yaradılan sərbəst şəraitdən, uzun illər tətbiq edilən qadağalar səbəbindən əhalinin dini biliklərinin zəif olmasından istifadə edən radikal dini təriqətlər öz təlimlərini yaymaq üçün fəal təbliğata keçdilər. Tərəfdarlar toplamaq və təsir dairələrini genişləndirmək məqsədilə müxtəlif üsullardan istifadə etdilər. Nəticədə ölkədə dini durumda ciddi dəyişikliklər müşahidə olunmağa başaladı".