Azərbaycan bu gün də sülh gündəliyinə sadiqliyini nümayiş etdirir- ÖZƏL
8 May 2024 10:55 Siyasət"Azərbaycanın COP29 tədbiri ilə bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil. Dünyada sülhün zəruriliyini Azərbaycan çox yaxşı anlayır. Çünki uzun illər ölkəmiz və xalqımız Ermənistanın işğalçı siaysətindən əziyyət çəkib". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib: "Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Ölkəmiz 44 günlük müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regonda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqliyini nümayiş etdirir".