Fransa səfirinin Şuşaya getməməsi... -Oqtay Qasımov- ÖZƏL
7 May 2024 16:13 Siyasət"Amerika səfirinin Şuşaya getməsi əlbəttə müsbət bir haldır. Uzun müddətdən bəri Amerika, o cümlədən Fransa səfirlərinin Şuşaya səfər etməmələri, israrla bundan yayınmaları, Azərbaycanda ciddi tənqidlərə səbəb olurdu".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Haqlı olaraq Azərbaycan cəmiyyətində sual yaranırdı ku, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatlar versələr də, bu bəyanatlarda səmimi deyillər. Şuşaya səfər etməməklə erməni revanşizminə sanki dəstək verirlər. Bir neçə gün öncə Amerika səfirinin mətbuata verdiyi açıqlama da Azərbaycanda ciddi tənqidlərə səbəb olmuşdu. Bu səfər iki baxımdan önəmlidir. ABŞ Güney Qafqazda yaranmış reallıqları nəhayət qəbul etdi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə hansısa suallara Amerika və erməni cəmiyyətində nöqtə qoyuldu. O ki qaldı Fransa səfirinin Şuşaya səfər etməsinə, bu arzuolunan olsa da fransızların özlərinin mövqelərindən asılı olacaq. Mən düşünürəm ki, qısa bir zamanda Fransa tərəfi də bu addımı atacaq və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini söylədiyi bəyanatları nəhayət real olaraq öz əməlində də göstərəcəkdir. Amma getməməsi də Fransanın özünün zərərinədir. Fransanın və ümumiyyətlə beynəlxalq hüququn prinsiplərinə zidd bir addım olacaq və səfirin Şuşaya getməməsi Azərbaycan üçün də böyük bir məna kəsb etməyəcək".