Deputat Jalə Əhmədovanın gənclərlə görüşü keçirilib- ÖZƏL
1 May 2024 10:24 SiyasətMillət vəkili Jalə Əhmədovanın Salyan rayonunda gənclərlə görüşü baş tutub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Salyan rayonunda yaşayan istedadlı, fəal və uğurlu gənclərlə görüşdüm. Salyan rayon Heydər Əliyev Mərkəzində baş tutan görüş Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuşdu. Görüşdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, bu siyasi kursun günümüzdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, məhz bu siyasətin nəticəsində ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəslin yetişməsindən danışdım. Qeyd etdim ki, bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasətin gənclərimizin Vətənə, dövlətçiliyə bağlı, intellektual, yüksək dünya görüşlü bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını xüsusi vurğuladım.
Səmimi ab-havada keçən görüş zamanı gənclərimizin problemləri ilə də maraqlandım, üzləşdikləri hər bir çətinliyin aradan qaldırılması üçün mənə müraciət etmələrini bildirdim. Həmçinin bir sıra mövzularla bağlı fikir mübadiləsi apardıq, onları maraqlandıran sualları cavablandırdım.
Görüşün təşkil edilməsində köməkliyini əsirgəməyən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədova dərin təşəkkürümü bildirirəm".

