KİV: Macarıstan Ermənistana 10 milyon avroluq yardımı Azərbaycana görə bloklayır

Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.

Olaylar bildirir ki, bu barədə "Azadlıq Radiosu"nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb.

Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

"Azadlıq Radiosu" qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

"Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir", - sənəddə deyilir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31