Ermənilərin Başkəndə gəlişi qanunsuz olub- ÖZƏL
30 Aprel 2024 10:47 Siyasət"Gədəbəyin inzibati ərazi vahidinə aid olan Başkəndə ermənilər 1859-cu ildə Qarabağdan köçüb. 1920-ci illərdə sovet Rusiyası Başkəndi Azərbaycandan alıb Ermənistana verib. Zəngəzur da 1920-ci illərdə Ermənistana verilib. Sovet hakimiyyəti illərində Başkənd Ermənistan SSR-nin Azərbaycan ərazisində anklavı olub. Təkcə Başkənd deyil, Göyçə, Zəngəzur da Azərbaycan əraziləridir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib: "Azərbaycanla Ermənistan 1991-ci il Almatı -Atı Bəyannaməsinə uyğun olaraq delimitasiya və demarkasiya prosesinə başlayıb. Sərhədlərdə işlər sovet dönəmi illərini- 1970-ci və 1982-ci illəri əhatə edən xəritələrə və 1991-ci ilə kimi SSRİ-nin mövcud olan ərazi vahidinə uyğun aparılacaq. Azərbaycanın Ermənistan ərazisində dörd anklavı var. Naxçıvana aid olan Kərki və Qazaxın üç anklav kəndi. Bu kəndlərlə bağlı danışıqlar aparılacaq. Qeyd edim ki, Başkəndlə bağlı cənab prezident İlham Əliyev də anklav olduğunu qeyd etmişdi. Əgər, 1991-ci ilə kimi xəritələri götürürüksə, hüquqi cəhətdən anklavdı. Amma, Ermənistanın Azərbaycana qarşı 30 il ərzində işğal, vandalizm, etnik təmizləmə siyasəti böyük maddi və mənəvi zərbə vurub.
Ermənistan tərəfi bu nöqteyi - nəzərdən Başkəndə ərazi iddiası ilə çıxış edə bilməz. Keçmiş sovet Rusiyası rəhbərliyi Azərbaycanın iradəsinə zidd olaraq Başkəndi Ermənistana anklav kimi verib. Hazırda Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya işləri hüquqi müstəvidə həyata keçirilir. Və bunun üçün Alma-Atı Bəyannaməsinə istinad edilir. İki dövlət arasında anklav kəndlərlə bağlı ortaq məxrəc tapılacaq. Başkənd Gədəbəyindi və ermənilərin ora gəlməsi qanunsuz olub".