Ermənistanın yeni təhlükəsizlik strategiyası nə ola bilər?-Mübariz Göyüşlü- ÖZƏL
29 Aprel 2024 20:07 Siyasət"Ermənistandakı bütün keçmiş mülki və hərbi sahədən olan məmurlar belə görünür ki, fəallaşıblar. Bütün niyyətləri, çalışmaları Paşinyanı devirməyə, Ermənistanda xaos yaradıb gedən prosesləri dayandırmağa və növbəti gərgin durumlar yaratmağa hesablanıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Ermənistanın yeni təhlükəsizlik strategiyası Azərbaycan rəhbəri İlham Əliyevin dediklərini etmək, Türkiyənin onlara tanıdığı şansı dəyərləndirmək və bu istiqamətdə hərəkət etməkdir. Ermənistanın yeni təhlükəsizlik strategiyası bu ola bilər. Başqa strategiya düşünəcəklərsə, bu, onların sonu olacaq. Onsuz da bu sabiqlər, keçmiş məmurlar bütün çalışmalarına rəğmən heç bir nəticə əldə edə bilmirlər, edə də bilməyəcəklər. Erməni xalqının böyük hissəsi onların çağırışlarını dəstəkləmir. Onlar istəyirlər ki, xalqı ayağa qaldırsınlar, Paşinyana qarşı müqavimət formalaşdırıb, onu hakimiyyətdən devirsinlər. Bu, alınmır, baş tutacaq məsələ deyil. Yəqin ki, bundan da narahat, pəjmürdə olurlar və yeni strategiya adı altında gərginliyi artırmaq istəyirlər. Ermənistana yeni təhlükəsizlik strategiyasından daha çox saxta, təhlükəli və ziyanlı "dənizdən-dənizə böyük Ermənistan" ideyasından imtina etmək, başqa dövlətlərin ərazisini iddia etmək kimi xəstə fikirlərdən əl çəkmək, silahlı münaqişələr yaratmaq, terror, təxribat əməllərini davam etdirmək kimi zərərli məsələlərdən əl çəkmək lazımdır. Ermənistanın yeni təhlükəsizlik strategiyası bu ola bilər. Başqa məsələlər onları xilas edə biləcək məqam deyil və xalq da onları dəstəkləmir. Xalq tərəfindən dəstəklənməyən bu məsələlər iflasa məhkumdur!"