Prezident İlham Əliyevin atdığı addımların ardıcıllığı heç vaxt pozulmur-Elçin Xalidbəyli- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev olduqca dinamik və uğurlu diplomatik fəaliyyət göstərir. Uğurlu xarici siyasət yürüdür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Çünki Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin atdığı addımların ardıcıllığı heç vaxt pozulmur. Bu ardıcıllıq ciddi şəkildə qorunur və Azərbaycanın maraqları çərçivəsində inkişaf etdirilir. Azərbaycan Prezidentinin Almaniyaya səfərindən cəmi bir neçə gün əvvəl Prezidentin Moskva səfəri baş tutmuşdu. Bu, Rusiya və Azərbaycan arasında yüksək münasibətlərin olduğunu göstərən görüş kimi diqqəti çəkmişdi. Həmin səfərdən bir neçə gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniyaya getdi. Olduqca yüksək səviyyədə qarşılandı və Azərbaycana münasibətdə pozitiv açıqlamalar, pozitiv münasibət nümayiş olundu.  Bu onu göstərir ki, rəsmi Bakı, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev dinamik xarici siyasət yürütməklə Azərbaycanın maraqlarını həm Rusiya, həm də Qərb ilə münasibətlərdə tarazlaşdırmağı və yekun nəticədə, faydlı situasiyanın yaradılmasına nail olur. Bütün bunları nəzərə alanda hesab etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri olduqca uğurlu siyasi-diplomatik gediş, manevrdir. Bu, Azərbaycana Qərb və Almaniya ilə yaxşı münasibətlərin qorunub saxlanması üçün böyük rol oynayır. Eyni zamanda Rusiya ilə də münasibətlər normal inkişaf edir. Azərbaycan həm Qərblə, həm Rusiya ilə münasibətləri balanslaşdırmağı bacarır və bunun da sayəsində Azərbaycan bir çox təhlükəli çağırışlardan yayınmağa nail olur. Azərbaycanın hərbi-siyasi, maliyyə-iqtisadi maraqlarının təmin olunmasına münbit şərait yaranmış olur. Almaniya Azərbaycanın enerji resurslarında olduqca maraqlı dövlətdir. Bu dövlətin enerji resurslarına ehtiyacı var. Xüsusilə də Rusiya enerji resurslarına çıxışı qapandıqdan sonra Almaniya Azərbaycan enerji resurslarına xüsusi diqqət ayırır. Böyük ehtimalla Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərində də bu ölkəyə Azərbaycan enerji resurslarının ixracı ilə bağlı müəyyən müzakirələrin olma ehtimalı kifayət qədər yüksəkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan tamamilə doğru yoldadır və bu istiqamətdə atılan addımlar Azərbaycanın gələcək taleyi ilə bağlı pozitiv nəticələr verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31