Azərbaycanın enerji diplomatiyasının uğurları əhəmiyyətli rol oynayır- ÖZƏL
30 Dekabr 2023 09:48 Siyasət "Azərbaycan 2023-cü ildə sosial-iqtisadi uğurları ilə diqqətdə oldu. Bunun üçün ölkəmizin neft və qeyri-neft sektoru sahəsində qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əlabbas Salahzadənin sözlərinə görə, ənənəvi və bərpaolunan enerji sahəsində malik olduğumuz imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır: "Bu ilin son ayında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. "Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır" söyləyən dövlət başçısı İlham Əliyev diqqəti gələn il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a yönəldərək bildirmişdir ki, bu, Azərbaycanın zəngin neft və qaz resurslarının olmasına baxmayaraq gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında gördüyümüzü göstərir. Belə bir əminlik də ifadə olunmuşdur ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək".