Şahin Bağırov paylaşım etdi
21 İyul 2023 15:13 Siyasət"Bu gün Bakıda keçirilən İƏT Gömrük Administrasiyası Rəhbərləri Şurasının 9-cu iclası İƏT regionunda gömrük işi sahəsində birgə əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əlamətdar olub."
Bunu öz tvitter hesabında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yazıb.
Xatırladaq ki Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası dünən keçirilib.
hibrit formatda keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan, Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov regional əməkdaşlığın və tranzitin inkişaf etdirilməsində İƏT-in rolundan bəhs edib. Qeyd olunub ki, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyi nəzərə alınmaqla Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr beynəlxalq ticarətin və tranzitin inkişafına münbit şərait yaradıb.
Bildirilib ki, İƏT çərçivəsində gömrük xidmətləri arasında işgüzar əlaqələrin inkişafı region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq.
İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi təşkilata üzv olan ölkələr arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsinin prosedurların rəqəmsallaşdırılması və asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb. Həmçinin hüquqpozmalara qarşı mübarizə, qabaqcıl bilik və təcrübələrin paylaşılması, potensialın gücləndirilməsi istiqamətində də mühüm nailiyyətlərin əldə olunacağı bildirilib.
Əvvəl İƏT Gömrük xidmətləri rəhbərləri Şurasının 8-ci iclasında qəbul edilən qərarlar müzakirə olunub, hesabatlar dinlənilib.
Daha sonra "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazası Sazişi", "Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş", "İƏT və ÜGT arasında Memorandum layihəsi və İƏT Fəaliyyət Planı", "İƏT Regionunda Elektron Məlumat Mübadiləsi", "İƏT Regionunda Gömrük məsələlərində potensialın gücləndirilməsi" ilə bağlı məsələlər müzakirə olunub.