2022-ci il dövlət büdcəsinin icrasına dair qanun layihəsi birinci oxunuşda qəbul edildi
31 May 2023 12:35 Siyasət"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Olaylar xəbər verir ki, Layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32064,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az, müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1385,0 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub. 2022-ci il icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 6336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib.
İcmal büdcənin xərcləri 35640,9 milyon manat proqnoza qarşı 35073,6 milyon manat və ya 1,6 faiz az icra olunub.İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5606,3 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5729,7 milyon manat və ya 123,4 milyon manat (2,2 faiz) çox, yəni 102,2 faiz icra olunub.
Fondun gəlirlərinin 19,8 faizini və ya 1132,0 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait (2021-ci ilə nisbətən 175,4 milyon manat və ya 13,4 faiz az), 80,2 faizini və ya 4597,7 milyon manatını (2021-ci ilə nisbətən 727,1 milyon manat və ya 18,8 faiz çox) məcburi dövlət sığorta haqlarından və sair mənbələrdən daxilolmalar təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5606,3 milyon manata qarşı 5252,1 milyon manat (354,2 milyon manat az) və ya 93,7 faiz icra olunub ki, bu da 2021-ci ilə nisbətən 409,1 milyon manat və ya 8,4 faiz çoxdur.