Tarixi qələbəmizdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rolu əvəzsizdir

Vüqar Əhmədov: "İstənilən mübarizədə və müharibədə liderin üzərinə çox böyük məsuliyyət düşür"

44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirən başlıca amillər, qələbəyə yol açan amillərlə bağlı politoloq Vüqar Əhmədovun "OLAYLAR"-a müsahibəsi

-Vüqar bəy, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən başlıca amillər hansılar idi?

-İlk öncə tarixi zəfərimizin ikinci ildönümü münasibəti ilə bütün həmvətənlərimizi təbrik etmək istəyirəm. Əlbəttə ki, bu Azərbaycan üçün tarixi bir hadisədir və bütövlükdə cəmiyyətin bu qələbənin əldə olunmasında rol oldu. Lakin qələbənin şərtləndirən əsas amillərdən ən birincisi güclü dövlətimizin olmasıdır. Məhz güclü dövlət güclü ordu yetişdirdi, Azərbaycanı hərbi cəhətdən hazırlıqlı vəziyyətə gətirdi. Əslində cəmiyyətimizdə Qarabağla bağlı hər zaman yüksək həmrəylik mövcud olub. Sadəcə hər kəs yaxşı anlayırdı ki, torpaqları işğaldan azad etməyin bir zamanı var və o zamanı yetişməyi gözləmək lazımdır. Sözsüz ki, bu zaman kəsiyində dövlətimiz və cəmiyyətimiz daim fəaliyyətdə olaraq bu günü yaxınlaşdırdılar. Şübhəsiz ki, bunun üçün böyük əzm lazım idi və hər bir Azərbaycan vətəndaşının bu məsələdə böyük inamı tarixi zəfərimizin qazanılması ilə nəticələndi. Ordunun müasir silahlarla təhciz edilməsindən tutmuş informasiya müharibəsi və beynəlxalq ictimaiyyətdə Qarabağla bağlı doğruların formalaşması üçün hər kəs əlindən gələni edirdi. Tarixi zəfərin əldə olunmasını şərtləndirən əsas amil haqqın və beynəlxalq hüququn Azərbaycan tərəfdə olması idi. İstər beynəlxalq hüquq, istərsə də dünyanın aparıcı beynəlxalq təşkilatları və dövlətləri Azərbaycanın ərazi bütüvlüyünü dəstəkləyir və bu bizə əlavə güc verir. 44 günlük Vətən müharibəsinin hər günü bir tarix oldu, həmən anda ölkədə və dünyada yaşayan azərbaycanlılar səbirsizliklə cəbhədən xoş xəbərlər gözləyirdilər, ordu və xalq arasında misli görünməyən həmrəylik yaşanırdı. Vətən müharibəsində hər bir azərbaycanlı öz ölkəsinin əsgərinə çevrilmişdir və bu cür gücün və həmrəyliyin qarşısında heç bir düşmən tab gətirə bilməzdi.  

-Tarixi qələbəmizdə Ali Baş Komandan və güclü prezident faktoru nə dərəcədə rol oynadı?

-Tarixi qələbəmizdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rolu əvəzsizdir. İstənilən mübarizədə və müharibədə liderin üzərinə çox böyük məsuliyyət düşür. Mən hətta deyərdim ki, misal üçün Prezident Əliyevin hakimiyyətinin 5 illiyində bu müharibə baş versəydi, bizim üçün çox çətin olardı. Çünki bütün dünya o günlərdə gözlərini Cənab Əliyevin açıqlamalarına və müsahibələrinə dikmişdi. Burada təcrürbə və dünya tərəfindən qəbul olunmaq çox vacib faktordur. İkinci Qarabağ müharibəsi dövründə bizim elə bir Prezidentimiz vuruşurdu ki, O həm Qərbdə, həm post-sovet məkanında və dünyanın bütün siyasi dairələrində özünü təsdiq etmiş bir lider idi və məhz buna görə ölkə başçımız həm düşmən ölkənin baş naziri, həm də onun havadarlarının cavabını təkbaşına verirdi. Vətən müharibəsi zamanı Prezident İlham Əliyevlə müsahibələr zamanı biz dəfələrlə Qərbin aparıcı ölkələrinin televiziya jurnalistləri tərəfindən təxribat xarakterli sualların şahidi olduq, lakin cavablardan sonra həmin jurnalistlər özləri Cənab Prezidentin nə qədər hazırlıqlı bir lider olduğunu qeyd edirdilər. Prezident İlham Əliyev öz gündəlik fəaliyyəti ilə bu tarixi qələbəni yaxınlaşdırdı. O həm öz açıqlamaları ilə xalqda bu tarixi qələbəyə inamı artırırdı, eyni zamanda ermənipərəst qüvvələrin və onun beynəlxalq havadarlarının Qarabağ məsələsi ilə bağlı təzyiqlərinin qarşısını qətiyyətlə alırdı. Cənab İlham Əliyevin prinsipiallığı tarixi qələbəmizi şərtləndirən əsas amil oldu. Prezident İlham Əliyevin çıxış və bəyənatları ordu və xalqımızda böyük inam və həmrəylik hissi yaratmış oldu və hər kəsi bu tarixi qələbəyə ruhlandırdı. Dövlət başçımız ölkəmizin yeni mərhələyə keçidini təmin edərək cəmiyyəti vahid ideya ətrafında səfərbər etdi və bunun ideoloji əsaslarını yaratdı. Bu ideya özündə suveren, güclü və bütöv Azərbaycanı ehtiva edir.       

-Müharibə günlərində ölkəmizə yönəlik beynəlxalq təzyiqləri həmin ərəfədə zərərsizləşdirmək nə dərəcədə asan və ya çətin idi?

-44 günlük Vətən müharibəsində Azərbaycanı haqq işindən döndərmək üçün həddindən artıq böyük beynəlxalq təzyiqlər oldu. Belə demək mümkünsə ölkənin xarici siyasət idarəsində gecə və gündüz telefonlar susmurdu. Əksər hallarda bu cür çağırışlar Qərbdəki erməni havadarlarından gəlirdi. Əlbəttə ki, onların bu qədər canfəşanlığı heç də dedikləri kimi regionda sülhə nail olmağa xidmət etmirdi, onların yalnız bir məqsədi var idi, o da nəyin bahasına olursa olsun Ermənistanı xilas etmək. Həmin günlərdə Prezident İlham Əliyev öz müsahibələri və tutarlı açıqlamaları ilə bu cür təzyiqləri çox məharətlə dəf edirdi. Ölkə başçısı bu müddət ərzində dünyanın əksər qlobal media mərkəzlərinə açıq oldu və qlobal media quruluşlarında Azərbaycana yönəlik informasiya hücumlarını çox böyük məharətlə özlərinə qarşı çevirirdi və beləliklə yüksək beynəlxalq təzyiqlər fonunda maksimum şəkildə ordumuza hədəfə çatmaq üçün zaman qazandırırdı. Hansı ölkənin lideri ilə necə danışmağı çox yaxşı bilən ölkə başçısı gündəlik fəaliyyəti ilə ölkəmizə yönəlik beynəlxalq təzyiqləri zərərsizləşdirməyi məharətlə bacarmışdır.

Xarici ölkələrdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti fəalları beynəlxalq təzyiqlərə qarşı mübarizədə çox böyük fəallıq nümayiş etdirdilər və ordunun əks hücum həmlələri informasiya meydanında da özünü göstərdi. Bu baxımdan hesab edirəm ki, bu təzyiqlər heç bir məqsədinə çatmadı, əksinə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırmış oldu.   

-Bu gün də 44 günlük Vətən müharibəsində olduğu kimi birlik, xalq-prezident vəhdəti mövcuddurmu?

-Xalq-Prezident vəhdəti daha da güclənib, çünki xaqımız çox yaxşı görür ki, Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edəndən sonra bizimlə üzdə dost olan ölkələrin əsl mahiyyətləri meydana çıxmağa başladı. Biz hər birimiz öz gündəlik fəaliyyətimizlə ölkə başçısına dəstək olmalıyıq və bu yalnız 44 günlük Vətən müharibəsi zamanı deyil, bundan sonrakı dövrdə davamlı olmalıdır. Düşünürəm ki, bu vəhdət güclü və sağlam təməllər üzərində qurulub. Ölkə başçısı ən əlamətdar günlərini Qarabağdan olan məcburi köçkünlərlə keçirib və torpaqlarımızın işğaldan azad edilməsi məsələsi Prezident İlham Əliyev üçün ən ümdə bir vəzifə olub. Bu gün də bu ənənə davam edir və istər siyasi diplomatiya sahəsində, istərsə də Qarabağın yenidən qurulmasında genişmiqyaslı işlər aparılır. Siyasi mövqeyindən aslı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələr 44 günlük Vətən müharibəsində olduğu kimi həmrəyliyini qoruyub saxlamalı və Qarabağın dirçəldilməsində dövlətimizə yaxından dəstək verməlidirlər. Regionumuz və dövlətimiz üçün indiki həssas bir döməmdə bu çox önəmlidir. Əsl mübarizə bundan sonra başlayır, çünki Azərbaycanın qələbəsindən sonra buna sevinənlərlə yanaşı, bunu həzm edə bilməyən qüvvələr artıq bunu gizlətmir. Hesab edirəm ki, hər kəs, istər ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımız qonşuluğumuzda gedən prosesləri yaxından izləməli, doğru nəticə çıxararaq bunu qərb ölkələrinin siyasi dairələrinə çatdırmalıdırlar. Yeni reallıqlar yeni şərtlər diktə edir və bizim üçün tarixi bir şans yaranıb ki, əldə etdiyimiz qələbəni daha yeni qələbələrlə əvəz edə bilək və yaranmış yeni tarixi fürsətlərdən düzgün yararlana bilək. Bu mərhələdə bizim hər birimizin üzərinə düşən vəzifə qazananları qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir, bunun üçün isə cəmiyyətdə vahid ideya uğrundə vəhdətin olması çox vacibdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31