Yeni minilliyin əsas trendi, müasir inkişaf modeli - şaxələndirilmiş iqtisadiyyatdır

Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb inkişaf edibdir.

Heydər Əliyev,
Ümummilli LiderHeydər Əliyev

Məlum olduğu kimi ölkəmizin ixrac potensialının artırılması bölgədə və dünyada iqtisadi mövqelərimizin möhkəmlənməsinə bilavasitə stimul verir.

Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Bəlli olduğu kimi, Azərbaycanın inkişaf strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etmişdir.

Hər bir ölkənin inkişafının göstəriciləri təbii ki, ilk olaraq, rəqəmlərdə ifadə olunur. Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və s. kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır.

Dövlət başçısı tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar ölkəmizin bütün sahələrində olduğu kimi, iqtisadiyyatında da özünü büruzə verir.

Bizim əsas hədəfimiz qara qızılı, insan qızılına çevirməkdir.
İlham Əliyev,
​Azərbaycan Respublikasının Prezidenti

Ölkəmizin qarşısında duran əsas hədəflər isə inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsindən rasional şəkildə istifadə etməklə, milli dəyər və sərvətlərlə uzlaşdırmaqla yeni inkişaf mərhələsinə qədəm qoymaqdır.

Hazırda yürüdülən praqmatik və effektiv strategiya nəticəsində ölkəmiz inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib.  Bu gün artan iqtisadi potensiala, yeni strategiyalara əsaslanan Azərbaycan iqtisadiyyatının artım templəri, əldə olunan uğurlu nəticələr böyük perspektivlərdən xəbər verir. Genişlənməkdə olan xarici iqtisadi əlaqələr dünya iqtisadiyyatına daha dərindən inteqrasiya, dünyamiqyaslı layihələrin, proqramların reallaşması Azərbaycanda yaranmış daxili sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və etibardan qaynaqlanır. Gündən-günə güclü, qüdrətli bir ölkəyə çevrilən Azərbaycanda iqtisadiyyat sahəsində dinamik proseslər daha da güclənir, güclü sənaye potensialı yaranır.

Çoxşaxəli iqtisadiyyatı olan Azərbaycan iqtisadiyyatının neft amilindən aslılığını maksimum dərəcədə azaltmaq üçün investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirir, ölkənin bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmaqla hərtərəfli inkişaf təmin olunur. Belə ki, dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur.

Bu gün ölkəmizin hər yerində regionların inkişafı proqramı uğurla həyata keçirilir, sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar cəlb edilir və hər bir bölgə özünəxas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək yerli istehsalın artırılmasında əhəmiyyətli rol oynayır. İqtisadi siyasətin əsasında sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması və s. dayanır.

Belə ki, beynəlxalq iqtisadi münasibətlərə, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatların həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırır, perspektiv inkişafa, xalqın rifahının sürətlə yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. İqtisadiyyatın modernləşdirilməsi, konkret inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmiz dinamik və hərtərəfli inkişaf edir, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Bu kontekstdə görülən digər tədbirlərin fonunda, eyni zamanda, iqtisadi islahatlar və sosialyönümlü tədbirlər sayəsində dövlətimizin inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan-2030: Gələcəyə baxış" İnkişaf Konsepsiyası bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir.  Dünyada baş verən innovativ yeniliklər, kosmosun fəthindən İKT-nin ağlagəlməz inkişafına qədər əldə edilən elmi kəşflər, bəşəriyyətin şüur və düşüncə tərzinin daha da rasionallaşması kontekstində siyasi münasibətlər sistemində mütərəqqi dəyişikliklərin baş verməsi  ilə nəticələnmişdir.

Azərbaycanda da sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, qeyri-neft sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərinə aid edilmişdir. Ölkəmizdə bu istiqamətdə mühüm işlər görülür, iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən  müasir sənaye müəssisələri,  yeni istehsal sahələri yaradılır.

Yeni ixrac potensialının yaradılmasında, idxalın əvəz edilməsində, ümumiyyətlə, iqtisadi inkişafda və sənayedə texnoparkların əhəmiyyətli rolu vardır. Belə ki, sənaye parkları yaranana qədər ölkəmiz üçün ənənəvi olmayan məhsullar tamamilə idxal olunurdu.

Sənaye parklarının yaranması nəticəsində bu məhsullar üzrə idxalın əvəzlənməsi, həmin məhsulların daha çox ixraca hesablanması ölkəmiz üçün yeni imkanlar yaratmaqla bərabər, ölkədən valyuta çıxarılmasının qarşısını alır, əksinə, ölkəyə əlavə valyuta gəlməsinə zəmin yaradır. Bu da nəticədə iqtisadiyyatın vacib amillərindən biri kimi milli valyutanın möhkəmlənməsinə öz töhfəsini verir.

Sənaye parklarında qurulan iri istehsal müəssisələrində - fabrik və zavodlarda dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalına, ölkənin xammal ixracatçısından hazır məhsul ixracatçısına çevrilməsinə imkan yaratmaqla yanaşı, eyni zamanda insan resurslarının inkişaf etdirilməsində, bilikli kadrların istehsala cəlb olunmasında, kadr potensialının artırılmasında da mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcək, dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirini azalda biləcək rəqabətədavamlı müəssisələrin yaradılması daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulmasında, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artmasında mühüm rol oynayacaqdır.

Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Həm sosial, həm də iqtisadi sahədə uğurlu layihələr həyata keçirilən respublikamızda yeni tipli sənaye müəssisələri, istehsal sahələri yaradılır, sənayenin ixrac potensialı artırılır, maddi-texniki səviyyəsi yüksəlir və eləcə də ölkə iqtisadiyyatının səmərəlilik göstəricilərinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Bu qəbildən ölkə başçısının vaxtında və uzaqgörənliklə söyləmiş olduğu aşağıdakı fikirlər günümüzün reallığına çevrilməkdədir.

Unutmayaq ki, Birlikdə gücük!

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31