Əhali qanunsuz erməni birləşmələrinə qarşı keçirilən əməliyyatları necə qiymətləndirir?

Sosial Tədqiqatlar Mərkəzi növbəti dəfə Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib.

"OLAYLAR" Mərkəzə istinadən xəbər verir ki, sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilməklə 384 respondentin rəyi öyrənilib. Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Respondentlərin əsas hissəsi, yəni 64,6%-i bu barədə məlumatı televiziyadan əldə etdiyini bildirib. Müvafiq istiqamətdə məlumat mənbələri sırasında 43,5% göstərici ilə sosial şəbəkələr ikinci pillədə yer alıb. Təqribən hər dörd respondentdən biri (27,9%) bu barədə məlumatı internet saytlarından əldə etdiyini bildirib.

Respondentlərin 9,9%-i hərbi əməliyyatlar barədə məlumatı ətrafdakı insanlardan alıb. Radiodan məlumat əldə edənlərin göstəricisi isə 7,0% təşkil edib. Bu barədə məlumat əldə etmədiyini bildirənlər cəmi 2,1% təşkil edib.
Azərbaycanın Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində respondentlərin mövqeyi öyrənilib. Bu istiqamətdə sorğu nəticələrinin deskriptiv təhlilinə əsasən, respondentlərin təqribən yarısı (49,2%) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31