Əhali Qarabağdakı hərbi əməliyyatı dəstəkləyir

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib. Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Azərbaycanın Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində də respondentlərin mövqeyi öyrənilib. Bu istiqamətdə sorğu nəticələrinin deskriptiv təhlilinə əsasən, respondentlərin təqribən yarısı (49,2%) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.

"Olaylar"ın məlumatına görə, millət vəkili Sahib Alıyev qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusu göstərir ki, rəyi öyrənilənlərin 80 faizi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl edilməzsə, antiterror əməliyyatlarının aparılmasını dəstəkləyir: "İndiyədək baş verənlərə dönüb baxanda görürük ki,  qarşı tərəf ancaq belə addımlar atıldıqda üzərinə götürdüyü öhdəliklərin bir qismini yerinə yetirir.  İstisna etmirəm ki,  Ermənistan rəhbərliyi gələcəkdə də bu "ənənə"ni davam  etdirəcək. Və təkcə ona görə yox ki, onlar ancaq güc dilini başa düşürlər. Paradoksal görünsə də, avqustun 3-dəkinə bənzər əməliyatlar Paşinyanla komandasındakılara da əl verir. Çünki  Qarabağdakı Rusiya hərbi kontingentinin Azərbaycan ordusunun önünü kəsməməsi(törədə də bilməz, buna nə mandatları, nə də mandatlarının olmadığını  görməzdən gələcək qədər gücləri və həvəsləri var) Ermənistan baş nazirinin əsas rəqiblərinin-  Moskvaya bağlı  qruplaşmaların əleyhinə işləməklə yanaşı,  Kremlin rəsmi İrəvan üzərindəki təsirini zəiflədir. Bax, bu reallığa dayanaraq demək olar ki, Qarabağda  gələcəkdə yeni antiterror əməliyyatlarının aparılması ehtimalı da elə hardasa 80 faizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31