Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış edir

İstiqamət: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Hazırda müstəqil Azərbaycanda xüsusilə diqqət yetirilən sahələrdən biri də söz və mətbuat, fikir azadlığıdır. İnsafən qeyd edilməlidir ki, ölkəmizdə media sahəsində elə şərait yaradılıb ki, artıq problemlərdən deyil, inkişafdan söhbət gedə bilər. Çünki, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması məqsədilə bütün imkanlar yaradılıb. Ölkəmizdə hesab olunur ki, söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən biridir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Ölkədə söz və mətbuat azadlığının təmin olunması məsələsinə prezident İlham Əliyev də xüsusi diqqətlə yanaşır. Dövlət başçısı təkcə tapşırıq və tövsiyyələrində deyil, özünün timsalında atdığı addımlarla müstəqi mətbuatın inkişafında maraqlı olduğunu sübut edib. Məhz Azərbaycanda görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsi, ölkədəki demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə imkan verir. Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış edir və əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq hər bir KİV-nin və jurnalistin hüquqları dövlət tərəfindən qorunur. Məlum olduğu kimi Azərbaycanın milli qanunvericiliyi hər kəsin söz, məlumat, ifadə azadlığını təmin edir.

Məlum olduğu kimi Azərbaycanda media islahatlarının yol xəritəsi kimi dəyərləndirilən "Media haqqında" yeni qanun qəbul olunub. Qanun ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafının təmin edilməsi, informasiya mühitinin sağlamlaşdırılması məqsədi daşıyır. Belə ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" müvafiq fərmanı media haqqında yeni qanunun qəbul edilməyi üçün zəmin yaradıb.  Prezidentin müvafiq fərmanından sonra yaradılan işçi qrupu və Milli Məclisin üzvləri ilə birgə "Media haqqında" qanun layihəsi hazırlanıb. Layihəsinin ictimai müzakirəsi keçirilib. İclasda ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak edib. Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Ekspertlərin qənaətinə görə, "Media haqqında" qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ hesab edilir. Yeni qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. "Media haqqında" qanun öz demokratik məzmunu ilə də diqqət cəlb edir. Qanunda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Bundan əlavə, "vətəndaş jurnalistikası" adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. Qanuna əsasən Media Reyestri yaradılacaq ki, burada da məqsəd media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.

"Media haqqında" qanunda nəzərdə tutulan əsas yeniliklərdən biri vahid jurnalist vəsiqəsinin verilməsidir. Vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir ki, bu da media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Eyni zamanda media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəst olacaqlar. Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi genişlənəcək.

O da bəllidir ki, hazırda informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılması zəruridir. Başqa sözlə, beynəlxalq media qurumları Azərbaycanda söz və ifadə azadlığının mövcudluğunu öz əməli fəaliyyətləri ilə təsdiq edirlər. İyulun 22-də Şuşada keçirilən "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forum bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə  Milli Mətbuat Günü münasibətilə keçirilən Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edib. Qeyd edək ki, Formda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciətini səsləndirib. Dövlət başçısı müraciətində hazırkı dövrdə mətbuatın qarşısında dayanan çağırışları diqqətə çatdırıb: "Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək". Beynəlxalq media forumu işini "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar", "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mətbuatında Şuşa izi" və "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" mövzusunda panel iclaslarda davam etdirib. Yeri gəlmişkən qeyd edəık ki, sadalanan hər bir mövzu qarşıya qoyulan vəzifələrin təqdimatı, eyni zamanda səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə bir çağırışdır. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda heç kim sərbəst düşüncəsinə görə təqib edilmir. Ölkədə söz və mətbuat azadlığının olmadığını iddia edən və fəaliyyətini ancaq iqtidarı əsassız tənqid üzərində quran müxalifət mətbuatı belə fikir söyləmkdə sərbəstdir. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda, cəmiyyətə çatdırmaqda azaddır. Belə ki, istənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaq və yaymaq imkanına malikdir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31