"AQSİA üzvlərinin Kiprə səfəri ikiqat məsuliyyət, həm də qürurludur"- FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən Türk dünyası xalqları arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub. Bu ərəfədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva başda olmaqla bir qrup sahibkar xanım Şimali Kipr Türk Respublikasında səfərdə olub. Səfər çərçivəsində AQSİA nümayəndə heyəti bu ölkənin prezidenti Ersin Tatarla və bir sıra dövlət adamları ilə görüşüblər. Bundan başqa işgüzar səfər zamanı  AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva ilə Kipr Girişimçi Kadın Dərnəyinin  (GİKAD) 
rəhbəri İçim Çağıner Kavuklu  əməkdaşlıq memorandumu imzalayıblar. AQSİA rəhbəri Səkinə Babayeva Azərtac İnformasiya Agentliyinə bildirib ki, imzalanan memorandum iki ölkənin qadın sahibkarları arasında əlaqələri genişləndirəcək,  birgə layihələrin həyata keçirilməsinə təkan verərək qadın sahibkarların şəbəkələşməsinə böyük töhfə verəcək: "Bu həm ölkəmizdə, həm də qardaş Şimali Kipr Respublikasında qadın sahibkarlığının inkişafına dəstək verəcək faktor rolunda çıxış edir. Eyni zamanda ölkələrimiz arasında biznes mübadiləsinin genişlənməsinə təsir göstərəcək. Bu kimi əməkdaşlıqlar, dostluqlar Türk birliyi, həmrəyliyi üçün vacib faktor rolunda çıxış edir. AQSİA üzvlərinin bu ölkəyə səfəri Cənab prezidentimiz İlham Əliyevin  Şimali Kipr Respublikasının prezidenti Ersin Tatarı qəbul etdiyi ərəfəyə təsadüf etməsi isə qadın sahibkarlar üçün həm ikiqat məsuliyyət, həm də qürurludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31