Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır
12 Avqust 2022 12:44 SiyasətUzun illər Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın torpaq itkiləri haqqında dünyanın rəsmi stukturları, dövlət nümayəndələri yetərincə məlumatlı olsalar da, real vəziyyəti, işğalçının kim olduğunu etiraf edib Ermənistanı təcavüzkar adlandırmırdılar. Çünki onların maraq dairəsində olub ki, bu münaqişə donmuş vəziyyətdə uzun illər qalsın. Bu baxımdan hazırda istər Qərbi, istərsə də Rusiyanı Qarabağdakı erməni silahlı tör-töküntülərinin zərərsizləşdirilməsi məsələsi düşündürmür. Amma bu gün bizi həmin ərazilərdən erməni silahlı tör-töküntülərinin tamamilə çıxarılması daha çox düşündürür.
Ona görə ki, dünyada və regionda baş verən hadisələr, sürətlə dəyişən proseslər onu deməyə əsas verir ki, Qarabağla bağlı hər hansı məsələdə gecikmək olmaz. Mövcud şəraitdən yararlanıb məsələni birdəfəlik bitirmək lazımdır.
Ermənistanın əvəzsiz himayədarı Rusiyanın bu gün üzləşdiyi ağır vəziyyət, Ukrayna ilə müharibədə məğlubiyyət sindromu Şimal qonşumuzun nəfəsini kəsib.
Digər tərəfdən türk dünyasının ağsaqqalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözün yaxşı mənasında Rusiyanı güncə sıxışdırması və özündən asılı vəziyyətə salması Qarabağdakı hərbisizləşdirmə məsələsini tam başa çatdırmağa əlverişli şərait yaradır. Bundan əlavə Azərbaycan Ordusunun Qarabağda separatçıların toplandığı ərazilərdə qisas əməliyyatını həyata keçirəndən sonra zavallı baş nazir N. Paşinyanın atdığı addımlar, Ermənistan- Rusiya münasibətlərinin kəskinləşməsi istiqamətində verdiyi bəyanatlar antirus əhval-ruhiyyəsini gücləndirib.
Bizim xeyirimizə olan bu müsbət tendensiyaların, əlverişli məqamların sayını artırmaq olar. Amma bir vacib məqam ondan ibarətdir ki, dünyada və regionda hadisələr sürətlə dəyişir. Mövcud şəraitdən yararlanıb məkrli qüvvələrin planlarının gerçəkləşməsinə heç vəchlə imkan vermək olmaz.
Əkrəm Bəydəmirli