Hər birimiz ermənilərin müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaqda fəal olmalıyıq
12 Avqust 2022 10:07 Siyasətİstiqamət- Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
30 ilə yaxın işğal altında qalan Azərbaycan ərazilərinin erməni təcavüzündən azad edilməsi istiqamətində başlamış İkinci Qarabağ müharibəsindən iki ilə yaxın vaxt keçir. Azərbaycan tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən bu savaşda tarixi zəfərə, qələbəyə imza atan Azərbaycan Ordusu başda Şuşa olmaqla işğal altında olan şəhər və rayonlarımızı düşməndən azad edərək onu öz sahiblərinə qaytardı.
Şəhər və rayonlarımız, kənd və qəsəbələrimizin düşməndən azad edilməsi bir daha erməni vəhşiliyi, vandalizmini ən çirkin şəkildə Azərbaycan cəmiyyətinı göstərmiş oldu. Düzdür, elə işğal illərində Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti dolayı yollarla, kəşfiyyat materialları əsasında, eləcə də qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə səfər etmiş bəzi xarici jurnalistlərin hazırladıqları materiallar əsasında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri insanlıq əleyhinə cinayətlərdən məlumatlı olurdu. 44 günlük Vətən müharibəsindən sonra isə həmin insanlıq əleyhinə cinayətlərin, vandalizmin, müharibə cinayətlərinin əyani şahidinə çevrildik.
Azad edilən ərazilərdə, xüsusən də Fərrux kəndində Birinci Qarabağ müharibəsinə aid olan insan cəsədlərinin aşkar edilməsi ermənilərin müharibə, eləcə də insanlıq əleyhinə cinayətlərinin ən bariz nümunəsi idi. Eləcə də işğala məruz qoyduqları Azərbaycan ərazilərinin böyük bir hissəsini minalamaları və uzun müddət müharibə qanunlarına zidd olaraq minalanmış ərazilərin xəritələrin Azərbaycan tərəfində verilməməsi də Ermənistanın müharibə cinayətlərinin nümunələrindən idi. Məhz həmin cinayətlər nəticəsində müharibədən sonrakı dövrdə onlarla mülki və hərbi vətəndaşımız ermənilərin basdırdıqları minalara düşərək həyatlarını itirdi, bir o qədər vətəndaşımız da müxtəlif dərəcəli xəsarət aldı.
Yaxud 30 ilə yaxın işğal altında saxladıqları şəhər və rayonlarımızda bütün infrastrukturun dağıdılması, torpaq və bitki örtüyünün məhv edilməsi, ictimai-iaşə obyektləri, yaşayış binalarının yerlə bir edilməsi də ermənilərin, konkret olaraq Ermənistan dövlətinin müharibə, insanlıq əleyhinə cinayətləri sırasına aiddir. Bir başqa misal kimi 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın döyüş bölgəsindən 100 kilometrlərlə kənardakı mülki obyektlərə, Gəncə, Bərdə, Mingəçevir kimi iri şəhərlərə qadağan olunmuş silahlar atması, raket zərbələri endirməsini göstərə bilərik.
Gördüyümüz kimi Ermənistanın təkcə İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə kifayət qədər müharibə, insanlıq əleyhinə cinayətləri olub və həmin cinayətləri dünya ictimaiyyətinə çatdırmaq da bizim üzərimizə düşən əsas vəzifələrdən biridir. Bu mənada Azərbaycan dövləti və onun müvafiq qurumlarının xarici jurnalistlər, tədqiqatçıları, ayrı-ayrı dövlətlərin siyasiləri, ictimai xadimlərinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilmısi Ermənistanın müharibə cinayətləri, eləcə də insanlıq və sülh əleyhinə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından ən effektli vasitədir. Təsadüfi deyil ki, məhz təşkil edilən həmin səfərlərdən sonra dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində Ermənistanın müharibə cinayətləri, sülh və insanlıq əleyhinə törətdikləri cinayətlər barədə silsilə materiallar dərc edildi ki, bu da Azərbaycanın haqlı mövqeyinin, həmçinin Ermənistan dövlətinin bir terrorçu, vandal ölkə olduğunun dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Digər bir tərəfdən dünyanın Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi təsisatı sayılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk toplantısının Azərbaycanda keçirilməsi və toplantı iştirakçılarılarının işğaldan azad edilən ərazilərə səfərləri də Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisə kimi dəyərləndirmək olar.
Göründüyü kimi, Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində ötən 2 ilə yaxın müddətdə kifayət qədər işlər görülüb və uğurlu nəticələr əldə edilib. Ancaq bütün halda bu istiqamətdə görülən işlərlə kifayətlənmək olmaz. Təkcə ölkəmizə səfərə dəvət edilən, Azərbaycnada keçirilən müxtəlif beynəlxalq tədbirlərə qatılan və həmin tədbirlərin proqramı əsasında işğaldan azad edilən ərazilərə səfərlər edən xarici qonaqların dili ilə erməni cinayətlərini dünyaya çatdırmamalıyıq, eyni zamanda özümüz də bu prosesdə aktiv olmalıyıq. Ötən iki ilə yaxın müddətdə müxtəlif nazirlik və komitələr, dövlət qurumları, eyni zamanda Prezident Administrasiyasının xətti ilə azad edilən ərazilərə onlarla jurnalist səfəri təşkil edilib. Ancaq təəssüflər olsun ki, həmin səfərlərdən hazırlanan jurnalist materialları daxili auditoriya üçün təqdim edilib. Heç bir media mənsubu ermənilərn azad edilən ərazilərdə 30 ilə yaxın həyata keçirdiyi qeyri-insani hərəkətləri, müharibə cinayətlərini beynəlxalq media şəbəkəsinə çıxarmağa maraq göstəməyib. Yalnız məhdud sayda bu istiqamətdə təqdirəlayiq addımlar atılıb ki, bu da çox azdır və bizə qarşı aparılan erməni təxribat maşınına adekvat deyil. Ona görə də hər birimiz ermənilərin müharibə cinayətləri, insanlıq əleyhinə yönəlmiş cinayətləri dünya ictimaiyyətinə çatdırmaqda fəal olmalı, əlimidə olan bütün mümkün vasitələrdən istifadə etməliyik.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir