Zamanın sınağından çıxmış Azərbaycan -Türkiyə qardaşlığı və birliyi əbədidir
12 Avqust 2022 10:27 SiyasətAzərbaycanla Türkiyə arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Günümüzdə ölkələrimizi düşündürən elə bir mühüm məsələ yoxdur ki, onun ətrafında iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında müzakirələr aparılıb ortaq mövqe ortaya qoyulmasın.
İki ölkə liderinin qqarşılıqlı səfərləri, həm Azərbaycan, həm də Türkiyədə açılışı olan və regionumuz üçün əhəmiyyət daşıyan tədbirlərdə dövlət başçılarının iştirakı artıq ənənə halını alıb. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenrti İlham Əliyevin Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün qardaş ölkəyə səfər etməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş ölkəyə səfərinə diqqət çəkən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməyib. Ən çətin günlərində bir-birinin yanında olan, hər zaman bir-birinə dəstək olan Azərbaycan -Türkiyə qardaşlığının bütün dünya ölkələrinə əsl nümunə olduğunu deyən millət vəkilinin sözlərinə görə, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan -Türkiyə münasibətləri günü gündən inkşaf edərək ali səviyyəyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlib: "Eyni zamanda ölkələrimiz arasındakı əlaqələr hər bir sahə üzrə günbəgün daha da dərinləşir və yüksələn xətlə inkşaf edir. Əlbəttə iki qardaş ölkə arasındakı əlaqələrin inkşaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi ölkə liderləri, Azərbaycan preizdenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən və müdik siyasətinin nəticəsidir".
Sədaqət Vəliyeva bildirib ki, avqustun 9-da ölkə başçımız, prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməsi qardaşlığımızın dünyaya növbəti nümayişi olmaqla yanaşı iki qardaş ölkə arasındakı əlaqələrin gələcək inkşafı baxımından böyük rol oynadı: "Azərbaycan prezidentinin yüksək səviyyədə qarşılanması, ölkə liderləri arasındakı səmimi, xoş və mehriban münasibət hər birimizə qürür hissi yaşatdı. Səfər çərçivəsində ölkə liderləri arasında keçirilən görüş zamanı ölkələrimiz arasındakı yüksək əlaqələr, dostluq və müttəfiqlik münasibətləri xüsusi vurğulandı, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrlə bağlı geniş müzakirələr aparıldı. Bütün bunlar qarşıya qoyulmuş hədəflərin reallaşmasına böyük töhvə vermiş olacaq".
Sədaqət Vəliyeva onu da deyib ki, Azərbaycanla Türkiyə arasındakı birlik və qardaşlıq hər iki ölkənin daha da güclənməsinə və inkşafına böyük təkan verir: "Zamanın sınağından çıxmış Azərbaycan -Türkiyə qardaşlığı və birliyi əbədidir. Ulu Tanrı xalqlarımızı və ölkə Liderləri Prezident İlham Əliyevi və Rəcəb Tayib Ərdoğanı qorusun!"
xxx
Dövlət başçısının Konyada keçirdiyi görüşlərə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Konyada İslam oyunları çərçivəsində türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanaşı Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarla görüşüb, onunla fikir mübadiləsi aparıb: "Ersin Tatar "tviter" səhifəsində yazıb ki, İlham Əliyevlə görüş zamanı əlaqələrin inkişafını müzakirə edib".
Politoloq hesab edir ki, rəsmi Bakı Qarabağ məsələsinə görə uzun müddətdir Kıbrısın müstəqilliyini tanımır: "Ehtiyat edilir ki, yunanlar Azərbaycan əleyhinə Qarabağ separatçıları ilə əlaqələr qura bilərlər. Əslində Yunanıstanın və Kipr Yunan Respublikasının erməni separatizminə simpatiyası sirr deyil, İrəvanla üçlü format təsis ediblər. Azərbaycan Qarabağda separatizmi tam bitirdikdən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətini rəsmən tanımaq imkanı qazanacaq. Buna qədər Azərbaycanın Kuzey Kıbrısla sıx iqtisadi və turizm əlaqələrini inkişaf etdirməyə heç nə mane olmur". Politoloq onu da əlavə edib ki, mərhum dövlət başçısı Heydər Əliyev 1990-cı illərin sonunda Kuzey Kıbrıs Türk Cumhuriyyətinin əfsanəvi lideri Rauf Denktaşı Bakıya dəvət etmişdi: "Bundan sonra Bakı-Lefkoşe təyyarə reysinin açılması gündəmdə idi, iş yarımçıq qaldı. Kıbrısın gözəl turizm məkanları var, Türkiyə üzərindən yay aylarında adada dincəlməyə gedən soydaşlarımız var. Kıbrıs universitetlərində təhsil alan tələbələrimiz az deyil. Ticarət əlaqələrini genişləndirmək üçün də imkanlar var. Ankaranın da Bakıdan istəyi Azərbaycanın Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə təmasları və gediş-gəlişləri yoğunlaşdırmaqdır. Təsadüfu deyil ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan İlham Əliyev və Ersin Tatarla birgə şəkil çəkərək paylaşmağı lazım bilib".
Füzuli