Elmi tədqiqatlar Azərbaycan dövlətinin və millətinin mənafelərinə xidmət edəcək istiqamətə yönəldilməlidir

"Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam ölkəmizdə elm və təhsilin idarə edilməsinə yeni yanaşmanı əks etdirir".

Bu sözləri Olaylar.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.

"Fikrimcə dövlət nəticələri iqtisadiyyata tətbiq edilə bilən, özü gəlir gətirən elm sahələri (təbiət və texniki elm sahələri) üzrə tədqiqat institularını Elm və Təhsil Nazirliyinin tabeliyinə verməklə bu sahədə daha innovativ addımların atılması üçün yeni imkanlar açdı. Bununla yanaşı dövlətə və millətə lazım olan elə elm sahələri var ki, onların nəticələrini birbaşa iqtisadiyyata tətbiq etmək mümkün deyil. İctimai və humanitar elmlər - tarix, siyasi elmlər, dilçilik və s. bura aiddir. Həmin sahələr isə AMEA-dakı institutlarda dövlətimizin böyük dəstəyi ilə, milli dövlətçilik məqsədlərinə uyğun olaraq inkişaf etdiriləcəkdir. Bu sahədə tədqiqatların nəticələrindən müxtəlif qurumların istifadəsi təşviq edilməlidir. Elmi tədqiqatlar Azərbaycan dövlətinin və millətinin mənafelərinə xidmət edəcək istiqamətə yönəldilməlidir. Biz Müzəffər bir millət olaraq tariximizi dərindən öyrənməliyik, Cənubi Qafqaz regionunun əksər göstəriciləri üzrə lider dövləti olaraq Qafqazı dərindən öyrənməliyik, qonşu ölkələrdəki durumu dərindən təhlil etməliyik. Ədəbiyatımızı, zəngin mədəni irsimizi tədqiq etməliyik. Bütün bunlardan yumşaq güc elementi olaraq necə istifadə edə biləcəyimizi elmi şəkildə təhlil etməli və proqnozlaşdırmalıyıq. Dövlətimiz elm sahəsinə diqqəti artırmaqla, elm adamlarına diqqəti artırmaqla həm də beyin axınının baş verməsindən ölkəni sığortalayır. Fikrimcə, bu prosesdə başlıca şərt tədqiqatların milli və dövlət məqsədlərinə uyğunluğu, başlıca dəyərləndirmə meyarı isə alimlərin elmi nəticələri olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31