Putin-Ərdoğan görüşündə nələr müzakirə olunacaq?
5 Avqust 2022 15:20 SiyasətDünyanın diqqəti Çin-Tayvan, Rusiya-Ukrayna, eyni zamanda Qarabağda həyata keçirilən antiterror əməliyyatlarına yönəldiyi halda, avqustun 5-də baş tutacaq Rusiya-Türkiyə liderlərinin görüşü də maraq dairəsindən kənarda qalmayıb. Soçidə baş tutacaq Vladimir Putin-Rəcəb Tayyib Ərdoğan görüşü və görüşdən əldə ediləcək nəticə Birləşmiş Ştatlar, Avropa tərəfindən xüsusi maraqla müşahidə edilir. Çünki tərəflərin yaydığı məlumatlarda Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə əsas etibarilə Ukrayna məsələsinin müzakirə obyekti olacağı bildiriir. Xarici kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Soçi görüşündə Suriyanın şimalında Türkiyənin mümkün hərbi əməliyyatı, taxıl dəhlizi, Ukrayna müharibəsi və s. məsələlərin müzakirə olunacaq. Görüşdə ən mühüm məsələlərdən biri Suriyanın şimalındakı terror təşkilatına qarşı Türkiyənin planlaşdırdığı hərbi əməliyyat olacaq.
Məlumata görə, Ərdoğan 2019-cu ilin oktyabrında Rusiya ilə imzalanan 10 bəndlik Suriya müqaviləsini də gündəmə gətirəcək. O, rusiyalı həmkarından müqavilədəki öhdəlikləri yerinə yetirməsini istəyəcək, terror təşkilatı PKK/YPG-nin Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumlarına diqqət yönəldəcək.
Görüş zamanı Rusiya ilə Ukrayna arasında sülhün tezliklə bərpasının zəruriliyinin gündəmə gətiriləcəyi də bildirilir. Soçi görüşündə Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl dəhlizi sazişi də müzakirə olunacaq. Taxıl yüklü gəmilərin dünya bazarlarına problemsiz çıxmasını təmin etmək üçün qurulan mexanizm çərçivəsində qarşıdakı dövrdə atılacaq addımlar, qida təhlükəsizliyi də müzakirə olunacaq mövzular arasındadır.
Görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq mövzularının müzakirəsi də gözlənilir. Enerji və müdafiə sahəsindəki layihələr, xüsusilə Akkuyu Atom Elektrik Stansiyasındakı son inkişaflar müzakirə predmeti olacaq. Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılmasıistiqamətində görüləcək işlərin müzakirəsi də gözlənilir.
Rusiya mətbuatı görüşdən əvvəl Putinin Ərdoğana xüsusi bir təklif etdiyini də yazıb. Görüş zamanı Putinin "türk lirəsinin yenidən dəyər qazanmasına kömək etmək üçün" Ərdoğanı BRİKS-ə üzvlüyə dəvət edəcəyi bildirilir. BRİKS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın iqtisadiyyatlarına istinad etmək üçün istifadə olunur. Putinin Ərdoğanı BRİKS-ə dəvət edəcəyini bildirən Rusiya qəzeti, bunun türk lirəsinə olan güclü təzyiqi azaldacağını, enerji alışı üçün xarici valyutanın davam edən tükənməsini dayandıracağını, Türkiyəni Rusiya qazının cənub və mərkəzi Avropaya nəqlində əsas mərkəzə çevirəcəyini bildirib. Ərdoğanın türk lirəsinə təzyiqi azaltmaqla seçkilərə daha güclü gedəcəyi vurğulanıb. Ancaq Ərdoğanın bu təklifi qəbul edib-etməyəcəyi bəlli deyil.
Putin-Ərdoğan görüşünün heç də normal atmosferdə və tərəflərin bir çox məsələlərdə razılığa gələ biləcəyi mühitdə keçəməyəcəyi də istisna edilmir. Politoloq Elxan Şükürlü bunu Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycana qarşı təcavüzü fonunda görür. O hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin avqustun 5-də Soçidə keçiriləcək görüşü ərəfəsində Qərbyönümlü Ermənistanın Azərbaycanla sərhəddə silahlı təxribatlara əl atması Rusiya ilə Türkiyənin əməkdaşlıq etdiyi ən həlledici nöqtələrdən birində münasibətləri yenidən gərginləşdirməyə və pozmağa hesablanıb: "Avqustun 5-də yenidən görüşəcək Rusiya və Türkiyə liderləri hamıdan daha yaxşı bilirlər ki, onların hər ikisini devirməyə və Cənubi Qafqazda nail olduqları sülh və əməkdaşlıq təşəbbüslərini pozmağa çalışan Bayden administrasiyasının əlində əsas alətlərdən birinə dönmüş Paşinyan hökumətini sərt cəzalandırmayana və onu birdəfəlik Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur etməyənədək, qeyri-müəyyən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin hər an irimiqyaslı müharibəyə çevrilmək riski qalacaq. Bu cür riskli, qeyri-müəyyən durumun qalması isə təkcə anti-rus meyllərin xeyli yüksəldiyi Ermənistanda yox, Rusiya-Türkiyə əməkdaşlığında ən önəmli nöqtə olan Azərbaycanda da ictimai rəyi Rusiyanın əleyhinə çevirərək, onun tərəflər arasında təkbaşına sülhməramlı missiyanı yerinə yetirə bilmədiyi qənaətini artırır və bölgəyə NATO qüvvələrinin gətirilməsi çağırışlarını edənlərin mövqeyini gücləndirir".
Elxan Şükürlü daha sonra deyib: "Böyük ehtimalla, Ukrayna savaşının danışıqlarla çözülməsində üzərinə böyük missiya düşən və dünyanın taxıl böhranının həllində çox mühüm irəliləyişə nail olmuş Ərdoğanın Putinlə budəfəki Soçi görüşü də 2016-cı ildən üzü bu yana yürüdülən "toqquşan nöqtələrdə əməkdaşlıq" siyasətinin pozulmasına deyil, daha da inkişaf etdirilməsinə təkan verəcək və Paşinyan Ermənistanının öhdəliklərinin yerinə yetirilməsində, sülhə sövq edilməsində əhəmiyyətli rol oynayacaq".
Məhəmməd