Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir
5 Avqust 2022 16:00 SiyasətErməni mediası və separatçı-terrorçuların Qarabağda gərginliyin olduğuna dair tirajladığı iddialarının məqsədi diplomatik trafik fonunda aydınlaşır. Burada əsas məqsəd kənar təzyiqlərlə Bakını razılaşmaların icrası tələbindən geri çəkilməsinə nail olmaqdır. Blinkenin köməkçisi Karen Donfrid Bakı və İrəvana zəngini xatırlatsaq belə məlum olur ki, rəsmi məlumatda qeyd olunmasa da, telefon söhbətində ermənilərin "gərginlik" iddiasının müzakirə edildiyi, yaxud zəngin səbəblərindən birinin bu olduğu bəlli olur. Bu arada Avropa İttifaqının bölgədəki xüsusi nümyəndəsi Toivo Klaar "gərginliyin artmasından" narahat olduqlarını açıqladı, Rusiya Müdafiə Nazirliyi Azərbaycan ordusunun "atəşkəsi" pozduğu iddiasını yaydı. Maraqlıdır, bu gedişlər nəyə hesablanıb?
Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, sonuncu dəfə Xankəndinin qazı kəsiləndə ermənilər bu cür "infotəxribat kampaniyası"nı həyata keçirmiş, kənar müdaxilələrə nail olmuşdu. Analoji addımları yenidən atır və üçüncü tərəflərin müdaxiləsinə çalışırlar. Nəzərə almaq lazımdır ki, Bakı qəti olaraq iki məsələnin icrasını tələb edir: erməni qoşunların Qarabağdan tam çıxarılması və Laçın dəhlizinin alternativ marşruta köçürülməsi. Yeri gəlmişkən qeyd edək ki, baş separatçı Araikin dediyi fikirlərdən bəlli olur ki, sülhməramlılardan yeni marşrut üzrə hərəkətin təşkil edilməsi istənilib. Onun bildirdiyinə görə, ermənilər "gərginlik" atmosferi ilə tələblərin icrasını ən azı uzatmaq niyyətindədirlər. Bu kontekstdə Moskvanın zəng trafiki diqqət çəkir: "Putin Paşinyanla üçtərəfli razılaşmaların (10 noyabr, 11 yanvar və 26 noyabr) icrasının praktiki tərəflərini müzakirə etdi, lakin Əliyevlə danışmadı. Bu o deməkdir ki, Moskva Əliyevin gündəliyini, bu gündəlikdən geri çəkilməyəcəyini bilir və prosesin irəliləməsi, həm də mümkün gərginliyin olmaması üçün ünvan İrəvandır. Xatırladaq ki, Bakıya zəng Rusiya hərbi rəhbərliyindən gəldi. Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib. Və bu zəng Moskvanın Bakıdan mümkün istəklərinin olduğu fikrini də ön plana çıxarır. Erməni qoşunların çıxarılması üçün avqust ayına, Laçın dəhlizinin yeni marşruta köçürülməsi üçün yolun Ermənistan tərəfindəki hissəsinin inşasına qədər zaman istəyə bilərlər". Siyasi şərhçi hesab edir ki, Azərbaycanın bu məsələlərin məhz indi icra edilməsində israrı səbəbsiz deyil: "Birincisi, erməni qoşunların çıxarılması üçün avqust ayına qədər gözləmək, prosesin imitasiyasına şərait yaratmaq deməkdir. İrəvan çıxarılma prosesini Ermənistandan sonuncu çağırışçının avqust ayında hərbi xidməti başa vurması ilə əlaqələndirir, hərçənd, bunun müddətli hərbçilərin bölgədən çıxarılmasına, zabit və müqaviləli hərbçilərin separatçıların qondarma "müdafiə ordusu" adı ilə qalmasına hesablandığı istisna deyil. Kadrlı hərbçilərin separatçıların dəstəsində qalmasında Moskva da maraqlıdır. İkincisi, Laçın dəhlizinin alternativ marşruta köçürülməsi prosesi 10 noyabr bəyannaməsində qeyd olunan üç ilə - 2023-cü ilə qədər uzadıla bilər. İrəvan bəyannaməyə istinadən "1,5 il vaxtlarının qaldığını" deyir, bununla marşrutun dəyişdirilməsi, Laçının, eləcə də hazırki dəhliz üzərindəki ərazilərin təhvil verilməsinin daxili ictimai rəydə yaratdığı dalğanın qarşısını almağa çalışır. Separatçılar daha əlverişsiz hesab etdikləri yeni marşrutdan istifadə etmək, həmçinin, Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin çıxarılmasını istəmir. Rusiya isə Laçın şəhərinin təhvil verilməsi ilə Bakıya qarşı əlindəki kartlardan birinin indi itirilməsində maraqlı deyil. Bakı hər iki tələbin indi tam icrasına nail olmaqla sonrakı mərhələyə keçmək niyyətindədir. Zəngəzur dəhlizinin "maneəsiz keçid" prinsipi ilə açılmasına nail olmaq üçün Laçın dəhlizinin eyni rejimlə işləməsi məsələsini gündəmə daşıyacaq və bunu yeni marşrut üzərində etmək imkanı daha böyükdür. Erməni qoşunların çıxarılmasına nail olduqdan sonra separatçılarla mübarizənin daxili məsələ olduğu mövqeyini gücləndirəcək. Hadisələrin inkişafı Bakının 4-cü bəndin icrası və Laçın dəhlizinin yeni marşruta köçürülməsinə indi nail olmaq mövqeyindən geri çəkilməyəcəyini deməyə əsas verir".
Deputat Siyavuş Novruzov bildirib ki, 44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayaraq darmadağın olan işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələri vaxtaşırı müxtəlif təxribatlar törədirlər. Bununla 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları kobud surətdə pozulur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi də üçtərəfli Bəyanata ziddir: "İndiyə qədər bütün hərbi-siyasi və silahlı sabotajların qarşısını alan Azərbaycan Ordusu növbəti dəfə terrorçu-təxribatçılara layiqli cavab verdi. Ordumuzun bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı. Azərbaycan növbəti dəfə sübuta yetirdi ki, "dəmir yumruq" yerindədir və üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir. Qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Bir daha dünyaya nümayiş etdirildi ki, Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. İstənilən təxribat cəhdinin qarşısı alınacaq! Ermənistanın üçtərəfli Bəyanatın bütün müddəalarına tam, vaxtında və qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur. Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək - heç bir halda güzəştə getməyəcək və zəruri addımlar atılacaq. Yeni reallıqlar fonunda ölkəmizin qüdrəti, Ordumuzun gücü və beynəlxalq hüquq normaları buna imkan verir".
Alim