Ermənistan güc yolu ilə sülhə məcbur edilməlidir
5 Avqust 2022 15:00 SiyasətAvqustun 1-dən başlayaraq erməni təxtibatçıları Qarabağ bölgəsində aktivləşiblər. Müxtəlif silahlardan atəşlə gərginlik yaradırlar. Avqustun 3-də səhər Rusiya sülhməramlıları nəzarəti altında olan ərazidən qanunsuz erməni silahlı dəstələrinin üzvləri, Laçın rayonu bölgəsində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub və nəticədə əsgərimiz Anar Kazımov aldığı güllədən şəhid olub.
Bundan sonra Azərbaycan ordusu "Qisas"adlı antiterror əməliyyatına başlayıb və əməliyyat nəticəsində Qırxqız, Sarıbaba yüksəkliyi və bir sıra digər mühüm hakim yüksəkliklər nəzarətə götürülüb. Bundan başqa Ağdərə bölgəsində Yuxarı Oratağ sahəsində də ermənilərin hərbi hissəsi dağıdılıb, qarşı tərəfdə canlı və texniki qüvvədə itkilər var.
Baş verən hadisələrlə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay qeyd edib ki, Azərbaycan qarşı tərəfə bu cür qətiyyətli, ağır zərbə endirməkdə tam haqlıdır. Çünki erməni tərəf 30 il Rusiya, İran kimi havadarları hesabına ərazimizi işğalda saxlayıb suverenlik və milli mənafemizə açıqca qəsd etdi: "Faşizm üsulu ilə əhalimizi qovub, talan edib, öldürüb, əsir götürüb genosid apardı. Hələ, lağ da etdi. Axırda, Azərbaycan doğru anda, doğru addım atıb Ermənistan ordusunu amansızcasına dağıtdı. Tam məhvdən xilas üçün Erməni rəhbərliyi dünyaya ağız açdı. Dünya da, bizim Azərbaycana ağız açdı. Azərbaycan da kişilik, böyüklük göstərib Xocavənd-Ağdərə cinahında mühasirədəki 20 min erməni əsgərini qırmadı, Xankəndinə girib dağıtmadı, Ermənistanın dövlətini çökdürmədi. Əvəzində nankor, riyakar erməni tərəfi 3 tərəfli məlum 10 noyabr (Bakı-Moskva-İrəvan) təslim bəyanatına əməl etməkdən yayınır. Üstündən 1 il yarımdan çox keçib, sülhməramlılar arxasında gizlənib, öz hərbi hissələrini Azərbaycan ərazisi içərisindən çıxarmır, həmin ərazidə separatçılıq siyasətinə dəstək verir. Xankəndi bölgəsinə də İrəvan qanunsuz olaraq rəsmi şəxsləri, silah və hərbi texnika göndərir. Bütün bu qanunsuz əməllərə də şərait yaradan Rusiya sülhməramlı hərbi kontingentidir. Nəticə isə göz qabağında, mütəmadi olaraq erməni silahlıları Azərbaycan ordusuna qarşı silahlı təhdid təxribatlar törədir. Üstəlik də, Ermənistan ümumi sülh müqaviləsi prinsiplərinə, bir-birinə qarşı ərazi iddasından əl çəkmə, sərhədlərin bölünməsi və Naxcıvana yolun çəkilmə məsələlərinin həllinə əməl etmir".
İlqar Altay deyib ki, düşmən Naxcıvanı blokadada qoyub, Laçın yolu istəyir: "Ermənistan hakimiyyəti niyə, imzaladığı sazişə əməl etməkdən yayınır və bu yayınmaya hansı vaxtdan, hansı səbəbdən və hansı xarici amilin "ümidverici" təsirindən başlayıb, üstəlik də niyə hərbi təxribatlara varır, bunlar ayrıca söhbətdir. Ermənistan bunların məsuliyyətini çəkəcək. Ancaq, nə olur olsun, Azərbaycan dövlət, xalq olaraq öz suverenliyinə qarşı yönələn istənilən təxribat, pozuculuğun qarşısını bundan sonra da tam qətiyyəti və gücü ilə almaqda haqlıdır və antiterror əməliyyatları davam etdirilməlidir".
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə qeyd edib ki, Azərbaycan - Ermənistan sərhədində və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazimizdə separatçıların davamlı olaraq törətdikləri təxribatlar sözün həqiqi mənasında Azərbaycan Silahlı Qüvvələrinin səbr kasasını doldurmağa başlayıb. Millət vəkilinin sözlərinə görə, dəfələrlə ölkə prezidenti Ali Baş Komandan səviyyəsində deyildiyi kimi bütün bu təxribatlar Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaq, onlara güzəşt olmayacaq kimi fikirləri artıq bir daha reallığa çevrilməkdədir: "Son vaxtlar Müdafiə Nazirliyinin verdiyi açıqlamalar əlbəttdə Ermənistan və onun silahlı qüvvələrinin tör-töküntüləri tərəfindən ciddiyə alınmalıydı. Lakin görünən budur ki, onlar sona qədər öz avantürist əməllərindən, işğalçılıq məqsədlərindən və separatçılıq mövqeyindən əl çəkmək niyyətində deyillər. Qəhrəman əsgər və zabitlərimiz, Azərbaycanın Silahlı Qüvvələrinin başladığı "Qisas" əməliyyatı sona çatdırılmalı və Azərbaycan ərazisində anti-terror əməliyyatı keçirilərək ermənilərin və separatçıların silahlı dəstələri darmadağın edilməli, Rusiyanın sülməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdə də Azərbaycanın suverenliyi təmin olunmalıdır".
Fəzail Ağamalı hesab edir ki, beynəlxalq hüquq normaları 2020-ci ilin noyabrın 10-da Rusiya - Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı Bəyanatın müvafiq müddəaları da bunun üçün kifayət qədər hüquqi əsaslar yaradır: "44 günlük Vətən müharibəsində olduğu kimi indi də hər birimiz, bütün Azərbaycan vətəndaşları dövlətimizlə, silahlı qüvvəllərimizlə və Müzəffər Ali Baş Komandanımızla bərabər olmalı, ermənilər son əsgərinə qədər darmadağın edilməli, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və bütövlükdə bütün ərazilərimizdə Azərbaycanın suverenliyi təmin olunmalıdır".
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə hesab edir ki, 10 noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu regionda sülh və sabitliyin bərqərar olmasını ləngidir və ciddi təhlükə mənbəyinə çevrilir. Onun sözlərinə görə, sözügedən qeyri-qanuni erməni silahlı dəstələri Laçın rayonundakı mövqelərimizi intensiv atəşə tutaraq bir əsgərimizi şəhid etməklə yanaşı, həm də Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib: "Lakin Azərbaycan Ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər tərəfimizdən nəzarətə götürülüb. Hazırda Ordumuz sözügedən yüksəkliklərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərini həyata keçirir. Bu da bir daha onu göstərir ki, biz Rusiya sülhməramlılarının bəslədiyi və təhrik etdiyi erməni terorrçu çətələri ilə məhz onların başa düşdükləri yeganə dildə - güc dilində danışmalıyıq. Azərbaycanın antiterror əməliyyatı keçirməsinin zamanı çatıb və sülhməramlıların nəzarət etdiyi ərazilərimizin terorrçulardan təmizləmək niyyətimizə heç bir qüvvə mane ola bilməz. Müdafiə Nazirliyimizin də qeyd etdiyi kimi həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Ermənistan güc yoluyla sülhə məcbur edilməlidir. Rəsmi İrəvanın 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməkdən başqa bir yolu yoxdur. Biz hər zaman müzəffər Azərbaycan Ordusunun yanındayıq".
S.İsmayılbəyli