Azərbaycanın antiterror əməliyyatına başlaması Ermənistanı növbəti faciə ilə üz-üzə qoyacaq

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Belə ki, Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqeləri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi  Azərbaycan ərazisində  qeyri-qanuni olaraq qalmaqda davam edən erməni silahlı dəstələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə həqiqi hərbi xidmət qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusunun ərazidə yerləşən bölmələri tərəfindən keçirilən cavab  əməliyyatı nəticəsində  qeyri-qanuni olaraq Azərbaycan ərazisində yerləşən çox sayda erməni terrorçusu məhv edilib. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib: "Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri  daha da sarsıdıcı olacaq".

Millət vəkili Cavanşir Feyziyev bildirib ki, Ermənistan rəhbərliyi və Qarabağ ərazisində separatçılıq fəaliyyəti ilə məşğul olan qondarma qurum bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atdıqları hər bir addıma görə cəza qaçılmazdır: "Ərazidə törədilən təxribatlar heç də Ermənistanın özünün və Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinə xidmət etmir. Əksinə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə göstərilən səyləri heçə endirir və bu istiqamətdə yerli və beynəlxalq səviyyədə atılan addımların qarşısını alır. Hadisələrin bu istiqamətdə inkişafı ilk növbədə Ermənistan üçün daha ağır nəticələrə səbəb ola bilər. Nikol Paşinyan höküməti və Qarabağda yuva salmış terrorçular bunu nə qədər tez anlasalar o qədər onların özü üçün faydalı olar. Əks təqdirdə Azərbaycan Ordusunun beynəlxalq qanunlar çərçivəsində  anti-terror əməliyyatına başlaması Ermənistanı növbəti faciə ilə üz-üzə qoyacaq".

Deputat  Ceyhun Məmmədov bildirib ki, Ermənistan tərəfindən törədilən ən kiçik təxribatın qarşısı belə qətiyyətlə alınacaq: "Cəbhədə baş verən son hadisələr bir daha göstərdi ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib. Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi ki, ən kiçik təxribatın qarşısı belə çox qətiyyətlə alınacaq. 44 günlük müharibədən əvvəlki dövrdə də Azərbaycan Ermənistana dəfələrlə eyni xəbərdarlıqları etmişdi. Ancaq Ermənistan nəticə çıxarmamışdı. Son baş verən hadisələr bir daha təsdiq etdi ki, Ermənistan baş verənlərdən yenə nəticə çıxarmayıb, eyni yolda davam etmək niyyətindədir. Ermənistan təxribatlara son qoymayana kimi, vəziyyət belə davam edəcək. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Son hadisələrdən sonra Ermənistan tərəfi gah Rusiyanı, gah da beynəlxalq qurumları Azərbaycanın "aqressiyası"nın qarşısını almamaqda ittiham edir. Belə çıxır ki, hamı günahkardır, Ermənistandan başqa. Heç şübhəsiz ki, bu xəstə təxəyyülün növbəti təzahürüdür. Ermənistan günahı yalnız özündə axtarmalıdır". Onun sözlərinə görə, baş verənlər həm də onu göstərir ki, Ermənistan heç zaman düzəlməyəcək: "Dəmir yumruq hər zaman hazır olmalı, xalqımız birliyini və həmrəyliyini daima qorumalı, ölkə rəhbərliyi ətrafında sıx birləşməlidir. Cəbhədə uduzan ermənilər informasiya müharibəsində qələbə çalmağa, ölkədə ictimai-siyasi sabitliyi öz əlaltıları vasitəsilə müxtəlif yollara pozmağa davamlı cəhd edəcəklər. Bu da məlum məsələdir ki, millətlərin başına gələn bir çox bədbəxt  hadisələrin başında başıpozuqluq durur. Bunun baş verməməsi üçün hamımız çalışmalıyıq. Düşmənə heç bir fürsət verməməliyik. Gücümüz birliyimizdə və həmrəyliyimizdədir. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu növbəti dəfə Ermənistan ordusuna layiqli cavab verdi, şəhidlərimizin qanı yerdə qalmadı. Allah Ali Baş Komandanı, rəşadətli Azərbaycan ordusunu və xalqımızı qorusun, birlik və həmrəyliyimizi əbədi etsin!"

Millət vəkili  Fəzail Ağamalı hesab edir ki,  Azərbaycan - Ermənistan sərhədində və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazimizdə separatçıların davamlı olaraq törətdikləri təxribatlar sözün həqiqi mənasında Azərbaycan Silahlı Qüvvələrinin səbr kasasını doldurmağa başladı. Dəfələrlə ölkə prezidenti Ali Baş Komandan səviyyəsində deyildiyi kimi bütün bu təxribatlar Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaq, onlara güzəşt olmayacaq kimi fikirləri artıq bir daha reallığa çevrilməkdədir: "Son vaxtlar Müdafiə Nazirliyinin verdiyi açıqlamalar əlbəttdə Ermənistan və onun silahlı qüvvələrinin tör-töküntüləri tərəfindən ciddiyə alınmalıydı. Lakin görünən budur ki, onlar sona qədər öz avantürist əməllərindən, işğalçılıq məqsədlərindən və separatçılıq mövqeyindən əl çəkmək niyyətində deyillər. Qəhrəman əsgər və zabitlərimiz, Azərbaycanın Silahlı Qüvvələrinin başladığı "Qisas" əməliyyatı sona çatdırılmalı və Azərbaycan ərazisində anti-terror əməliyyatı keçirilərək ermənilərin və separatçıların silahlı dəstələri darmadağın edilməli, Rusiyanın sülməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdə də Azərbaycanın suverenliyi təmin olunmalıdır. Beynəlxalq hüquq normaları 2020-ci ilin noyabrın 10-da Rusiya - Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı Bəyanatın müvafiq müddəaları da bunun üçün kifayət qədər hüquqi əsaslar yaradır. 44 günlük Vətən müharibəsində olduğu kimi indi də hər birimiz, bütün Azərbaycan vətəndaşları dövlətimizlə, silahlı qüvvəllərimizlə və Müzəffər Ali Baş Komandanımızla bərabər olmalı, ermənilər son əsgərinə qədər darmadağın edilməli, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və bütövlükdə bütün ərazilərimizdə Azərbaycanın suverenliyi təmin olunmalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31