Ümid, gələcəyə inam, dövlətə güvən baxımından müstəsna əhəmiyyətə malik addım
3 Avqust 2022 10:38 SiyasətMVP rəsmisi: "Dövlət hər kəsi diqqətdə saxlayır, onların əməyini, Vətən uğrunda göstərdikləri xidmətləri yüksək qiymətləndirir"
Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması, xüsusilə həssas təbəqədən olan insanların həyat və şəraitinin yüksəldilməsi, onlara yönəlik dövlət qayğısının artırılması hər zaman prioritet təşkil edib. Həyata keçirilən bu kimi tədbirlər, atılan məqsədyönlü addımların nəticəsidir ki, artıq Azərbaycan sosialyönümlü dövlət kimi xarakterizə edilir. Bütün beynəlxalq risk və təhdidlər, böhranlara baxmayaraq Azərbaycan özünün sosialyönümlü siyasətini davam etdirir, bu sahədə nəzərdə tutduğu layihələr, dövlət proqramlarını ertələmir.
Qeyd etdiyimiz kimi sosialyönümlü layihələr sırasında xüsusi qayğıya ehtiyacı olan, cəmiyyətin həssas təbəqəsi kimi xarakterizə edilən vətəndaşlarımız daha çox dövlət qayğısı ilə əhatələnirlər ki, bu sıraya da şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, onların ailə üzvləri və s. başlıca yer alır. Bu günlərdə həyata keçirilən, atılan daha bir addım deyilənləri təsdiqləyir. Belə ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Həyata keçirlən bu sosialyönümlü təşəbbüs bir neçə məqamları ilə xüsusi əhəmiyyət kəsb edir. Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyir ki, bu ilk növbədə Vətən uğrunda canlarını fəda edən hər bir şəxsin, onun ailə üzvlərinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunun təsdiqidir: "44 günlük Vətən müharibəsindən sonra həmin döyüşlərdə iştirak etmiş və şəhid olmuş oğullarımızın ailə üzvlərinə göstərilən qayğı, qazilərin müalicəsi üçün atılan addımlar, "YAŞAT" Fondunun bu istiqamətdəki uğurlu fəaliyyəti bəzi ənənəvi etirazçılar tərəfindən belə bir əsassız iddianın ortaya atılmasına səbəb olmuşdu ki, guya Azərbaycan dövləti Birinci Qarabağ müharibəsi iştirakçılarını unudub, onlar dövlətin diqqətindən, qayğısından kənarda qalıb. Halbuki bu kökündən yalnış idi. Ötən illər ərzində, yəni 44 günlük Vətən müharibısi baş verdiyi tarixə qədərki olan illərdə yüzlərlə, minlərlə Birinci Qarabağ müharibəsi iştirakçıları, şəhid olmuş şəxslərin ailə üzvləri mənzillərlə təmin edilib, onlar üçün digər çoxsaylı sosial layihələr həyata keçirilib. Həmçinin Birinci Qarabağ müharibəsi iştirakçılarının böyük əksəriyyəti növbəli prinsip əsasında avtomobillərlə təmin edilib. Hətta həmin tədbirlərin bir çoxunda Prezident İlham Əliyev özü bilavasitə iştirak edib. Ona görə də həm sadaladığımız amillər, həm də dövlət başçısının müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı onu deməyə əsas verir ki, dövlət hər kəsi diqqətdə saxlayır, onların əməyini, Vətən uğrunda göstərdikləri xidmətləri yüksək qiymətləndirir. Bir sözlə heç kim yaddan çıxmır, dövlətin qayğısından kənarda qalmır".
MVP rəsmisi deyib ki, sözügedən layihənin digər mühüm əhəmiyyət kəısb edən məqamı ondan ibarətdir ki, bu layihə dövlətin və dövlət başçısının əhalinin sosial durumunun yaxşılaşdırılmasında nə dərəcədə qərarlı olduğunu göstərir: "Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddət ərzində sosial sahə hər zaman prioritet olub. Ötən 20 il ərzində atılan addımlar, imzalanan dövlət proqramları bunun əyani sübutudur".
Süleyman İsmayılbəyli onu da qeyd edib ki, atılan son addım ümumilikdə Vətən uğrunda canlarından keçən şəhidlərin ailə üzvləri, qazilərimizdə ümid, yaşamaq eşqi, gələcəyə inam, ən əsası dövlətə güvən baxımından da müstəsna əhəmiyyətə malikdir.
Füzuli