Arzuolunandır ki, azərbaycanlı alimlər beynəlxalq indeksli jurnallarda beynəlxalq tələblərə cavab verən məqalələrlə çıxış etsinlər
29 İyul 2022 16:34 Siyasət"Azərbaycan Milli Elmlər Akademiyasında baş verən struktur islahatları çoxdan gözlənilirdi. Bu barədə əlverişli zəmin də formalaşdırılmışdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Düşünürəm ki, təhsilimizin və elmimizin inkişafına xidmət edəcək. Çünki müxtəlif bölmələr də yaradıldı və bütün bunlar Azərbaycan elminin daha da yüksək səviyyəyə qaldırmağa xidmət edəcək. Regionda Azərbaycan bir sıra sahələrdə öndə olduğu kimi elm sahəsində də dünyanın qabaqcıl ölkələri ilə rəqabət apara biləcək. Bu gün elm həm də investisiya potensialı ilə seçilir. Elmi tədqiqatlar bu gün milyardlarla vəsaitin ölkəyə cəlb olunmasına xidmət edir və çağdaş trendlərə və qarşıda duran mühüm vəzifələrə cavab vermək üçün elm də adekvat tədbirləri ilə seçilməlidir.
Bütün elm camiası bu gün böyük bir gözlənti içərisindədir. Baş verən proseslər struktur formada elmimizin inkişafına xidmət edən praktiki addımlarla müşayiət olunur.
Eyni zamanda, koordinasiyalı şəkildə elmi işlərin müdafiəsi ilə bağlı proseslər də icra olunmalıdır. Akademiyanın institutları, ali təhsil müəssisələri hər hansısa bürokratik maneələrə yol verməməlidir. Digər dövlətlərin təcrübəsindən burda istifadə etmək olar. Qonşu dövlətlərə baxanda görürük ki, post-sovet məkanında çox rahatlıqla elmi işin müdafiəsi həyata keçirilir. Bu təcrübənin mənimsənilməsi və maksimum şəffaf şəkildə elmi işlərin müdafiə edilməsi ilə bağlı bütün planlar icra olunmalıdır. Mənasız növbələr və bürokratiyanın formalaşması bu gün dövrün çağırışları ilə uyğunluq təşkil etmir.
Arzuolunandır ki, azərbaycanlı alimlər beynəlxalq indeksli jurnallarda beynəlxalq tələblərə cavab verərək məqalələrlə çıxış etsinlər. Bu gün bir sıra uğurlar əldə olunsa da, stimullaşdırıcı tədbirlər həyata keçirilsə də, hələ gözlənilən nəticəni görmürük. Ona görə də, biz məhz cənubi Qafqazda ən azından məqalələrin dərc olunması sayında və keyfiyyətində qabaqcıl yeri tutmalıyıq. Qafqazda iqtisadi-siyasi, hərbi sahədə qonşularından bir neçə dəfə üstün olan Azərbaycan elm sahəsində də bu nəticəni göstərməlidir və bütün istəklərimiz, arzularımız bundan ibarətdir.
Düşünürəm ki, elmimizin sağlamlaşdırılması, gənc alimlərə şəraitin yaradılması, onların mənzil sosial şəraitinin yaxşılaşdırılması, bütün problemlərinin həll olunması və bu gənclərdən gözlənilən nəticənin əldə olunması Azərbaycan elmi qarşısında əsas prioritetdir".
Röyalə Xəyal