Ağdam Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək
22 İyul 2022 10:42 Siyasət"Ağdam rayonu Azərbaycanın əsas iqtisadi-ticarət mərkəzlərindən biri olmuşdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Ağdam sakinləri I Qarabağ müharibəsində böyük fədakarlıqlar göstərmişlər. Xüsusilə qeyd etmək lazımdır ki, Ağdam rayonu I Qarabağ müharibəsində ən çox şəhid vermiş rayonlarımızdandır və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından, qanlarından keçmişlər.
Lakin 23 iyul 1993-cü ildə Ağdam rayonunun işğal olunması bir sıra səbəblərdən olmuşdur. SSRİ dağılarkən, SSRİ rəhbərinin ermənipərəst siyasəti, mərkəzi rəhbərliyə ermənilərin təsir etmək qabiliyyəti, Azərbaycanda həmin dövrdə səriştəsiz idarəçiliyin mövcud olması, milli ordumuzun ölkəmizin ərazi bütövlüyünü və sərhədlərini tam həcmdə qorumaq iqtidarında olmaması və digər iqtisadi çətinliklər Ağdam rayonunun işğal olunmasına gətirib çıxartdı. Lakin Azərbaycan dövləti, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə barışmadı, ölkəmiz qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək, xarici siyasət və diplomatiya sahəsində qazanılan uğurlarla işğal faktını beynəlxalq səviyyədə təsbit etdi. Beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edirdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə işğalçı Ermənistan ordusunun təcili və qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməyi bildirirdi və BMT nizamnaməsinin 51-ci maddəsi özünümüdafiə hüququndan istifadə etməklə Azərbaycan ərazilərinin düşmən işğalından təmizlənməsini diqtə edirdi. Azərbaycan bu hüquqdan istifadə edərək, öz torpaqlarını düşmən işğalından azad elədi.
2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uğurla sona çatdı. 2020-ci ilin 10 noyabr tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli birgə bəyanatla II Qarabağ müharibəsi sona çatdı, Azərbaycan bu bəyanat sayəsində dinc yollarla, diplomatik vasitələrlə Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi. Ermənilər bu əraziləri tərk etməyə məcbur oldular.
Hazırda Ağdamla bağlı böyük planlar vardır. Mən Ağdam rayonununda olarkən, Ağdamın baş planı ilə də tanış olmuşam və işğaldan öncəki dövrdə olduğu kimi Ağdamın mühüm infrastruktura malik ticari-iqtisadi potensialının genişləndirilməsi planları var. Ağdamda bir sıra mühüm infrastruktur obyektləri istifadəyə veriləcək və eyni zamanda, şəhərin də gözəl arxitektur mənzərəsi olacaqdır.
Azərbaycan öz dövlət büdcəsi hesabına işğaldan azad olunmuş əraziləri bərpa edir və cənab Prezidentin işğaldan azad olunan rayonlara səfərləri zamanı hər zaman mühüm açılışlar olur. Bu onu göstərir ki, dövlət başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərə böyük qayğı və həssaslıqla yanaşır.
Artıq Zəngilanın Ağalı kəndinə böyük qayıdış konsepsiyasının tərkib hissəsi olan bir əraziyə köç baş verib. Artıq azərbaycanlılar öz tarixi torpaqlarına qayıdırlar. Qarşıda bizi böyük açılışlar gözləyir. Düşünürəm ki, bu açılışlar həm də Ağdam sakinlərini sevindirəcək və Ağdamlılar öz doğma yurdlarına qayıdacaqlar.
Ağdam Cümə Məscidinin təmir olunması, şəhərin küçə və prospektlərinin tikilməsi həyata keçirilir. Ağdamda universitetinin də tikilməsi ilə bağlı layihə vardır. Bu onu göstərir ki, Ağdam Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək və turistləri özünə cəlb edəcək.
Röyalə Xəyal