Azərbaycan regional güc mərkəzi olaraq strateji hədəflərə doğru irəliləyir
22 İyul 2022 11:42 SiyasətAzərbaycan postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu nümayiş etdirir. 2022-ci ilin altı ayının nəticələri və göstəriciləri də bu reallığı təsdiqləyir. Sosial-iqtisadi inkişafın davam etməsi, ölkənin beynəlxalq nüfuzunun artması, dünya siyasətində mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, başqa sözlə, xalq-iqtidar birliyinin güclənməsi Azərbaycanın regional güc mərkəzi kimi strateji hədəflərə əmin addımlarla irəlilədiyini göstərir. Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bu məsələlərə toxundu, çox mühüm mesajlar verdi. Dövlət başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli nüanslara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı. Azərbaycan Prezidenti yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsunu verdi: "Yeni şəraitdə ölkəmiz strateji məqsədlərə çatmaq uğrunda inamla addımlayır. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Yeni dönəmdə də Azərbaycan güclüdür, çağırışlara hazırdır, nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır". Onun sözlərinə görə, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda sülh və etimad quruculuğu ilə əlaqədar prinsipial mövqeyini qətiyyətlə bəyan etdi: "Dövlət başçısı, həmçinin ciddi xəbərdarlıq etdi: Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Əks halda, Azərbaycan müvafiq tədbir görəcək. Uğurlu xarici siyasət ölkəmizin dostlarının və tərəfdaşlarının sayının artmasını şərtləndirib. Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və digər bir sıra təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı müsbət və təqdirəlayiq haldır. Sosial siyasət uğurla davam etdirilir, həssas təbəqədən olan insanlar, xüsusilə şəhid ailələri, qazilər bundan sonra da etibarlı müdafiə olunacaqlar. Dünya iqtisadiyyatında geriləmə, tənəzzül və böhran müşahidə edilsə də, dayanıqlı iqtisadi sistem yaratmış Azərbaycan qlobal maliyyə şoklarına hazırdır və bizim sosial-iqtisadi bazamız təhlükəsizlik çətiri funksiyasını yerinə yetirir. Beləliklə, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Buna heç kimin şübhəsi olmaz. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Dövlət başçısının vurğuladığı kimi: "Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".
Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirilmiş, cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nailiyyətlərə dair ətraflı açıqlamalar verilib. Dövlət başçısı öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, bu dövrdə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi ilk növbədə qeyd olunmalıdır. Azərbaycanın bu mötəbər təşkilata sədrliyinin 2023-cü ilin sonuna qədər yekdil qərarla uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış, Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan inam daha da yüksəlmişdir. Millət vəkili Azərbaycanın digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa davam etdiyini vurğulayaraq deyib: "Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq müstəvidə bir çox təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə fəal tərəfdaşlıq münasibətləri də sürətli inkişafdadır. Öz çıxışında dövlət başçımız bir anonsu da diqqətə çatdırdı ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı daha bir önəmli sənəd imzalanacaq və bu, Avropa İttifaqı - Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır". K.Qafarov Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin ümumilikdə regional inkişafı ləngitdiyini qeyd edib. Deputat bildirib ki, Ermənistan hökumətinin 10 noyabr Bəyannaməsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtdir: "Aydındır ki, bu gün Cənubi Qafqazda gedən proseslərin əsas istiqamətinə təsir edə biləcək vacib amillərdən biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsidir. İki ölkə arasında münasibətlərin hansı səviyyədə olması ümumi regionda yaranacaq ictimai-siyasi vəziyyət və inkişaf göstəricilərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın mövqeyi tamamilə birmənalıdır və hər kəsə açıqdır. Azərbaycan sülh və inkişaf tərəfdarıdır. Təəssüflər olsun ki, bu sözləri Ermənistan haqqında hələ də demək olmur. Əlbəttə, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində indiyədək müəyyən addımlar atılıb. Lakin Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, hələlik real nəticələr yoxdur. Ermənistan hələ də imzaladığı 10 noyabr Üçtərəfli Bəyannamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Məsələn, bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. Lakin hərbi əməliyyatların başa çatmasında 1 il 8 ay keçsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Bu problem Cənubi Qafqazda sülhə ciddi təhdiddir.Azərbaycan qalib ölkə olaraq belə bir vəziyyətə, öz suveren ərazilərində erməni silahlı birləşmələrinin mövcudluğuna uzun zaman dözə bilməz. Ermənistanın yerinə yetirməli olduğu vacib öhdəliklərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Maraqlıdır, qalib Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əsasən Laçın yolunun işləməsini təmin edib və hətta bu marşrutun təhlükəsizliyinə də zəmanət verib, məğlub Ermənistan isə hələ də Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Bu məsələ də tezliklə öz həllini tapmalıdır və bu nə qədər tez baş verərsə, Ermənistanın özü üçün də daha yaxşı olar. Azərbaycan artıq özünün haqqı olanı almaq iqtidarında olan bir ölkə olduğunu sübut edib və proqressiv prosesləri əngəlləmək, növbəti qarşıdurmalara aparan siyasət yürütmək meylləri Ermənistana baha başa gələ bilər".
Alim