Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır
22 İyul 2022 10:30 SiyasətRegionda əhəmiyyətli mövqeyə, rola malik olan Azərbaycan bu gün dünyanın ən cəlbedici ölkəsidir desək yanılmarıq. Bu gün dünyanın hər bir ölkəsi demək olar ki, yerləşdiyimiz coğrafiyada Azərbaycanla əməkdaşlığa üstünlük verir, onunla əlaqələri inkişaf etdirməyə, yaxın keçmişdə mövcud olan əlaqələri yeni bir mərhələyə qaldırmağa çalışır. Təkcə son iki ay ərzində müxtəlif dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəsmilərinin Azərbaycana səfərləri fonunda bu münasibəti aydın şəkildə görmək mümkündür.
Təbii ki, Azərbaycana olan beynəlxalq marağı, dünya dövlətlərinin diqqətini şərtləndirən bir sıra amillər var ki, həmin amillər sırasında Azərbaycanın öz sözü və imzasına sadiqliyi ön planda gəlir. Bütün tərəfdaş və dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verən Azərbaycan əldə edilən ikitərəfli razılaşmalar, imzalanan əməkdaşlıq sazişlərinə bir qayda olaraq qeyd-şərtsiz əməl edən tərəf kimi tanınıb. Azərbaycana olan marağı şərtləndirən digər bir məqam 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədir. Məhz bu tarixi qələbə ilə Azərbaycan regionda yeni reallıq yaratdı. Həmçinin yeni nəqliyyat, loqistika imkanlarının yaranmasına, beynəlxalq yükdaşımalarda əlverişli marşrutların müəyyən edilməsinə yol açdı.
Nəhayət, Azərbaycana olan beynəlxalq marağı şərtləndirən digər bir amil isə ölkəmizin zəngin təbii ehtiyatlara, enerji resurslarına malik olmasıdır. Avropanın təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın enerji resurslarına tələbat Rusiya-Ukrayna müharibəsi fonunda daha da artıb. Moskva ilə münasibətlərin pozulması səbəbindən Rusiya qazından imtina etməyi düşünən qoca qitə bu sırada alternativ ölkə kimi Azərbaycanı görür. Elə bu günlərdə Avropanın nüfuzlu siyasi və iqtisadi təsisatlarının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri də bu məqsədə xidmət edirdi. Bu sırada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış sənədi xüsusi qeyd etmək yerinə düşər. Milli Məclisin deputatı Sədaqət Vəliyeva da deyir ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ölkəmizin gücünü və etibarlı tərəfdaş olmasını özündə ehtiva edən və böyük əhəmiyyətə malik mühüm sənəddir. Onun sözlərinə görə, eyni zamanda bu Anlaşma Memorandumu Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyi sahəsində böyük rola malik olmasının göstəricisidir.
Sədaqət Vəliyevanın sözlərinə görə, on beş ildən artıq müddətdir ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə əməkdaşlıq edir və bu müddət ərzində sözügedən Anlaşma Memorandumundan başqa daha iki (2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə) mühüm sənəd imzalanmışdır. İyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu uzunmüddətli və səmərəli əməkdaşlığın nəticəsi və zirvəsidir: "Bu gün Azərbaycan istər enerji sahəsində, istərsə də digər sahələrdə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və planlaşdırılan qaydada icra etmiş, özünü dünya miqyasında sözünəbütöv, etibarlı tərəfdaş kimi tanıtmışdır. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin apardığı müdrik və uzaqgörən xarici siyasət nəticəsində ölkəmizin dünya miqyasındakı mövqeyi günbəgün daha da güclənməkdədir".
Millət vəkili qeyd edib ki, iyulun 18-də imzalanmış Anlaşma Memorandumu ölkəmizin Avropa İttifaqının güclü tərəfdaşı olmasının sübutu ilə yanaşı Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin böyük və perspektiv gələcəyindən xəbər verir: "Əlbətdə dövlətimiz tərəfindən atılan bütün addımlar və həyata keçirilən bütün layihələr Azərbaycan xalqının rifahına və tərəqqisinə hesablanmışdır. Bütün bunlar bir daha Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkəmizin xoşbəxt gələcəyi və inkşafı üçün gecə-gündüz, yorulmadan çalışmasının göstəricisidir".
Füzuli